Mayın 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında keçirilən Futzal yarışlarının yekunuyla bağlı tədbir keçirilib.
“Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə keçirilən tədbirdə çıxış edən ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva-Kəngərli çıxışında Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, fəaliyyətlərindən bəhs edib. Bildirib ki, hələ Sovetlər dönəmində Heydər Əliyev mədəniyyətin maddi-texniki bazasının inkişafına xüsusi diqqət yetirirdi. O, bu sahədə istedadlı və savadlı kadrların hazırlanmasına xüsusi diqqət göstərirdi. Çünki bilirdi ki, yaxın gələcəkdə müstəqil Azərbaycan Respublikası mütləq olacaq və həmin Azərbaycanın inkişafında, tanınmasında bu kadrlar önəmli rol oynayacaqlar: “Azərbaycanın son otuz beş illik tarixi ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Heydər Əliyev fenomeni sayəsində baş tutmuşdur. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsil¬lərin taleyi üçün düşündüyü doğma yurdu-Azər¬bay¬canı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, dün¬ya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb. Ulu Öndərin fəaliyyəti nəticəsində 1969-1982-ci illərdə postsovet məkanında 50-dən çox şəhərdə, 170-dən çox nüfuzlu ali məktəblərdə 15 mindən çox azərbaycanlı tələbə təhsil alıb.
G.Əliyeva Heydər Əliyevin səyi və bilavasitə tapşırığı ilə dramaturq Hüseyn Cavidin nəşinin Naxçıvana gətirilməsi məsələsini xatırlayıb və bu faktı onun mədəniyyətə olan diqqətinin əsas nümunələrindən biri kimi dilə gətirib.
ADMİU-nun magistrantı Yusif Cəfərbəyli “Heydər Əliyev və gənclik” mövzusunda məruzəylə çıxış edib.
Daha sonra ADMİU Tələbə Həmkarlar İttifaqının sədri Cavid Əhmədov çıxış edərək Ulu Öndərin xatirəsinə həsr olunan turnir haqqında məlumat verib və ADMİU tələbələrinin o tədbirdə uğurla təmsil olunduqlarını bildirərək onları təbrik edib.
Sonda yarışlarda iştirak edən tələbələr “Fəxri fərman” və hədiyyələrlə təltif olunublar.