Aprelin 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan və Yunanıstan arasında diplomatik əlaqələrinin qurulmasının 30 iliyinə həsr olunmuş “Sanki Antika” adlı tədbir keçirilib.
“Paralel dünyalar” layihəsi çərçivəsində baş tutan tədbirdə Yunanıstanın Azərbaycandakı səfiri və səfirlik nümayəndələri, universitet rəhbərliyi, professor-müəllim heyəti, tanınmış mədəniyyət və incəsənət nümayəndələri və jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bildirib ki, ölkənin aparıcı və qocaman bədii ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin (2023) qeyd olunması kontekstində, “99+1” proqramı çərçivəsində “Paralel dünyalar” layihəsinin növbəti mərhələsi təqdim olunur. Layihə çərçivəsində ilk tədbirin bir neçə gün öncə Macarıstana həsr olunduğunu və ADMİU-nun müəllimləri, tələbələri tərəfindən hazırlanan tədbirdə Macarıstan səfirliyinin də uğurla təmsil olunduğunu bildirən rektor deyib ki, layihənin məqsədi xarici ölkələrin səfirlikləri ilə ortaq tədbirlərin keçirilməsidir. Bildirilib ki, Yunanıstana həsr olunan bu tədbir sözügedən layihənin 2-ci tədbiridir.
Qeyd olunub ki, Azərbaycanın dünyaya inteqrasiyasıyanı, dünya ölkələri ilə olan qarşılıqlı tarixi-mədəni münasibətlərinin bədii interpretasiyasını, mövcud vizual stereotipləri açıqlayan layihə Universitetin təhsil və bədii yaradıcılıq müstəvisində mübadiləni gücləndirməyə yönəlib. Hazırkı tarixi məqamda, 2022-ci ildə Azərbaycan bir sıra ölkələrlə diplomatik münasibətlərinin qurulmasının 30 illik ildönümlərini qeyd edir. Bu layihədə də məqsəd ölkəmizdə fəaliyyətdə olan səfirliklərin və ADMİU-nun tələbələrinin ortaq tədbirləri vasitəsilə hər iki yubileyi qeyd etmək, davamlı və dayanıqlı əməkdaşlıq formalışdırmaqdır. Rektor bildirib ki, universitetin universallığını nəzərə alaraq, burada bütün fakültələrin cəlb edilməsi xüsusi vurğulanır. C.Mahmudovanın sözlərinə görə, keçirilən tədbirlərdə universitetin bütün fakültələrinin cəlb olunması artıq ənənə halını alıb.
“Paralel dünyalar”ın növbəti tədbirinin Azərbaycan-Yunanıstan diplomatik əlaqələrinin 30 illiyinə həsr olunduğunu deyən rektor, iki ölkə arasında mnasibətlərin keçmişə dayandığını və gündən günə inkişaf etdiyini də vurğulayıb.
Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkos çıxışında belə bir tədbirin əhəmiyyətindən danışıb və əməyi keçənlərə təşəkkürünü bildirib. O, deyib ki, Azərbaycanla Yunanıstan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. İki ölkə arasında iqtisadi, sənaye, texnologiya, enerji, elm, təhsil, mədəniyyət, nəqliyyat, investisiyaların qorunması, gömrük sahələrində ümumilikdə 18 saziş imzalanıb. Bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə və mədəniyyət sahəsində daha geniş vüsət alacağına inandığını deyən səfir bu işdə hər iki tərəfin eyni dərəcədə maraqlı olacağını vurğulayıb.
Lahihənin rəhbəri ADMİU-nun Rektor müşaviri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova çıxışında qeyd edib ki, universitet hər zaman müxtəlif ölkələrin səfirlikləriylə sıx əməkdaşlıq içərisində olub. “Paralel dünyalar” layihəsi çərçivəsində keçirilən tədbirlərin formatı isə hər iki tərəfin bədii fəaliyyətini vurğulayır. O, qeyd edib ki, tədbirlərin məzmunu seçilən ölkələrin tarixi, mədəniyyəti və incəsənətinin təqdimatının fərdi bədii interpretasiya formatında işlənməsidir. 2023-cü il üçün isə layihənin davamı nəzərdə tutulub.
Bildirilib ki, ADMİU-nun təhsil-tədris sistemində antik Yunanıstan akademik ənənələri ölkənin digər ali məktəblərinə nisbətən daha güclüdür. Qədim Yunan incəsənəti Universitetin bir çox ixtisasının tədris proqramında yer alır. Məhz bu baxımdan təqdim olunan layihə fakültələrarası formatda tərtib olunub və sinkretik xarakter daşıyır. Yunan incəsənətinin klassik bəşəri dəyərləri ADMİU-nun tələbələrinin interpretasiyalarında təqdim olunur və Səfirliyin hazırladığı fotosərgi vasitəsi ilə real məkanlarla əlaqələndirilir.
Daha sonra qonaqlar bədii rəhbər Elçin Cabbarovun başçılığıyla Rəssamlıq fükltəsinin hazırladığı “Yunan əfsanələri” adlı Qədim Yunanıstan əsatirərinə həsr olunmuş illüstrasiyalar və Yunanıstan səfirliyinin əməkdaşı Aydın Sadıxovun Əsatirlərin daş salnaməsi” adlı Yunanıstanın tarixi-mədəniyyət abidələrinin fərdi fotosərgisi ilə tanış olublar.
Proqramın davamında ADMİU SABAH qruplarının ifasında “Edip” tamaşasından fraqment (Xalq artisti Mehriban Zəki) “Teatr sənəti” fakültəsinin tələbələrinin ifasında “Sirtaki” rəqsi izlənilib, Cadenza orkestrinin (bədii rəhbər: Türkər Qasımzadə) solistləri Afaq Qarayeva (piano) və Ərol Rzayevin (violonçel) ifasında Yanis Ksenasis “Küləkdə küləş” musiqisi dinlənilib.
Proqramın davamında bədii rəhbər Nəzakət Əhmədovanın başçılığı ilə Rəssamlıq fakültəsi tələbələrinin hazırladığı Antik yunan modasının müasir interpretasiyalarından ibarət “Muzaların məkanı. ADMİU” dəfiləsinə baxış olub.
Sonda tədbirin hazırlanmasında əməyi olan hər kəsə sertifikatlar təqdim olunub.