
Aprelin 26-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” XXI Beynəlxalq elmi-praktiki konfransı keçirilib.
Konfrans Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə bağlı keçirilən tədbirlər planına uyğun Şuşa şəhərinin 270 illiyinə həsr olunub.
Konfransı giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova həm canlı, həm də onlayn şəkildə konfransa qoşulan iştirakçıları salamlayıb, Vətən müharibəsi nəticəsində qazanılan böyük zəfərdən və Şuşa kimi strateji əhəmiyyətə malik şəhərin azadlığının önəmindən danışıb. O, bildirib ki, Şuşa tək Qarabağın, Azərbaycanın deyil, ümumən bütün Türk Dünyasının ən mühüm mədəniyyət ocaqlarından biridir. Bu torpaqdan yetişən dahi musiqiçilər, şairlər, rəssamlar və digər sənət nümayəndələri türk mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna rola sahibdirlər. Rektor bütün bunlara görə Azərbaycanda 2022-ci ilin “Şuşa İli” adlanmasını, eləcə də Şuşanın 2023-cü ilin Türk Dünyasının Mədəniyyət paytaxtı seçilməsinin təsadüfi olmadığını bildirib. Keçirilən konfransın işində həm təşkilatçılara, həm də məruzəçilərə uğurlar arzulayan C.Mahmudova konfransın uğurla nəticələnəcəyinə inandığını vurğulayıb.
Konfransda Azərbaycanın müxtəlif ali təhsil ocaqlarının nümayəndələri ilə yanaşı, xarici ölkələrin mütəxəssisləri də iştirak ediblər. ABŞ, Kanada, Yaponiya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan kimi ölkələrdən onlayn şəkildə konfransa qoşulmuş alimlər müxtəlif məruzələrlə çıxış ediblər.
Artıq 21-ci dəfədir baş tutan konfransda 3 bölmə üzrə iş aparılıb.
ADMİU-nun professoru, Əməkdar İncəsənət Xadimi Kamilə Dadaş-zadənin moderatorluğu ilə baş tutan “Şuşa-270. Qarabağın musiqi mədəniyyəti müasir elmi paradiqmanın tədqiqat obyekti kimi” adlı I bölmədə professorlar Fattax Xalıqzadə (AMK), İzaliy Zemtsovski (ABŞ), Gülşən Əliyeva (ADMİU), Lalə Hüseynova (AMK), ADMİU-da baş müəllim Samirə Əzizova, dosentlər Polina Dessiatniçenko (Yaponiya), Azad Cəfərov (ADNSU), Gülnar Verdiyeva (ADMİU) və dissertant (BMA) Gülxanım Əsədzadə müxtəlif mövzulu məruzələriylə çıxış ediblər.
ADMİU-nun dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnar Verdiyevanın moderatorluğu ilə baş tutan II bölmə “Fikrət Əmirov – 100. “Ənənəvi musiqi və bəstəkar” problemi musiqişünaslığın son nailiyyətləri kontekstində” adlanıb. Bu bölmədə dosentlər Takirə Kərimova (Türkiyə), Əfsanə Babayeva (AMEA), Kəmalə Ələsgərli (BMA), Güllü İsmayılova (ADMİU), doktorant Günel Bəkirova (BMA) və dissertant Vəfa Abbasovanın (AMK) məruzələri dinlənilib.
ADMİU-nun dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Güllü İsmayılova “Türksoylu xalqların bədii mədəniyyətinin araşdırılması problemləri” adlı III bölməyə moderatorluq edib. Bölmə üzrə professorlar Rəna Məmmədova (AMEA-nın müxbir üzvü), Marqarita Fayzullayeva (Rusiya), Nadejda Broyako (Ukrayna), Saida Yelemanova (Qazaxıstan), Lalə Hüseynova-Həsənova (Türkiyə), dosentlər Nemət Qasımov (ADMİU), Haluk Yücel (Türkiyə), Mehriban Qasımova (ADMİU), müəllimlər Nil Başdurak (Kanada), Şanə Məmmədova (AMK), Aynur İsgəndərova (BMA), Ruslan Zərbəliyev (ADMİU), Sevil Həsənova (AMK), Gülay Mahmudova (AMK), doktorantlar Rəfiqə Quluzadə (BMA), Aysel Əzizova (AMEA), dissertant Türkən Musayeva (AMK), ADMİU-nun əməkdaşı Leyla Mehdiyeva və ADMİU-nun magistrantı Aysəma Babayevanın məruzələri dinləyicilər tərəfindən maraqla qarşılanıb.