
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin sənəd-informasiya resursları fondu Vətən tarixinə və muzey işinə dair yeni çap olunmuş nəşrlərlə zənginləşib. AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hədiyyə olunan kitablar görkəmli tarixçi alimlərin əsərlərini özündə əks etirir. Azərbaycan, türk və rus dillərində çap edilmiş bu nəşrlər tariximizin müxtəlif dövrlərini və incəsənət sahəsini əhatə etməklə yanaşı, muzeyin zəngin kolleksiyası əsasında tərtib olunmuş mənbələr kimi mühüm əhəmiyyət kəsb edir. Nəşrlər mövzu əhatəliyi baxımdan aşağıdakılardan ibarətdir:
Tarixi mövzuda - N.Vəlixanlının “Zəngəzur - ərəblərdən monqollaradək”, F.Cabbarovun “Hədəf - Bakı: “qara qızıl” uğrunda mübarizə. 1917-1922”, M.Məmmədovun “Из истории образования и деятольности Съезда бакинских нефтепромышленников”, S.Əhmədovun “Картина художника М.Мещерского «Шамхорская битва» исторический источник или средство ложной пропаганды?” və “Генерал Валериан Мадатов: как фальсифицируются биографии” adlı kitabları və “Milli Azərbaycan Tarixi Muzeyinin Elmi əsərləri” jurnalı;
İncəsənət mövzusunda - S.Nəsirovanın “Azərbaycan toxuculuq nümunələrindəki naxışların semantikası”, N.Əliyevanın “Azerbaycanda türk-islam kültürü. I cilt” və L.Mustafayevin tərtib etdiyi “Azərbaycanın antik dövr keramikası. Oynoxoyyalar” adlı kitablar;
Muzey işi mövzusunda - N.Vəlixanlı və R.Səfərova tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında tərtib olunan “Üzeyir Hacıbəyli” və “Müslüm Maqomayev” kataloqları, S.Nəsirovanın tərtib etdiyi “Keçmiş məişətə səyahət. Milli Azərbaycan Tarixi Muzeyinin qurama kolleksiyası” kataloqu, A.Məmmədovanın “Azərbaycan Atabəylərinin sikkələri” kataloqu və S.Əhmədovun “Gəncə xanı Cavad xanın buncuğu (tuğu)” kitabı.
Elmi və tədris xarakterli bu nəşrlərdən ADMİU-nun professor-müəllim heyəti və tələbələr Kitabxana-İnformasiya Mərkəzində istifadə edə bilərlər.