
Aprelin 1-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Musiqi sənəti fakültəsi, “Musiqi tarixi və nəzəriyyəsi”, “İnstrumental ifaçılıq” kafedralarının “İncəsənət tarixi: XXI əsrdən baxış” silsiləsindən növbəti elmi-praktik seminarı keçirilib. Mövcud pandemiya qaydalarına əsasən onlayn şəkildə təşkil olunmuş seminar “Klassisizm: Tarixi və əhəmiyyəti” mövzusuna həsr edilib.
Tədbirdə çıxış edən ADMİU-nun Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva-Kəngərli və Elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva, Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaş-zadə keçirilən elmi-praktiki seminarın mühüm əhəmiyyəti haqqında məlumat veriblər. Bildirilib ki, silsiləvi şəkildə keçirilən bu tədbir tələbələrin elmi potensialının inkişafına müsbət təsir göstərir. Qeyd olunub ki, “İncəsənət tarixi: XXI əsrdən baxış” mövzusunda seminar artıq 7-ci ildir ki, baş tutur və bu il “Musiqi tarixi və nəzəriyyəsi” kafedrası ilə yanaşı “İnstrumental ifaçılıq” kafedrası da onun təşkil olunmasında yaxından iştirak edib. İştirakçıların diqqətinə çatdırılıb ki, seminarda Musiqi sənəti fakültəsinin tələbələrindən əlavə, Teatr sənəti və Rəssamlıq fakültələrində təhsil alan gənclər də iştirak edirlər.
Bunun ardınca tələbələrin klassisizm mövzusunda çıxış və slaydlar təqdim olunub: Sevil Ələkbərova (“Klassisizm dövrünün ümumi səciyyəsi”), Səadət Əliyeva (“Manheym məktəbi”nin ümumi səciyyəsi”), Əfsanə Quluzadə (“Rəngkarlıqda klassisizm”), Qəmər Kərimova (“K.V.Qlyukun opera islahatının əsas prinsipləri”), Arzu Qəmbərova (“Klassisizm və teatr”), Xanım Əskərova (“V.A.Mosartın opera islahatları”), Şəms Əliyeva (“V.A.Mosart yaradıcılığında konsert janrı”), Solmaz Əmirova (“Memarlıqda klassisizm”), Gülşən Həsənova (“L.V.Bethovenin fortepiano yaradıcılığı”). Bundan əlavə Ləman Əliyeva, Zaur Məmmədov, Səadət Əliyeva, Ümid Mustafazadə, Rəhilə Nəzərova, Nərmin Ağamalıyeva, Xanım Əskərova, Şəms Əliyeva, Məryəm Şirinzadə, Türkanə Məcidova, ADMİU-nun “Musiqi sənəti” fakültəsinin xor kollektivinin ifalarının video görüntüləri yayımlanıb.
Sonda çıxış edən prorektorlar Gülşən Əliyeva-Kəngərli və Sədaqət Əliyevaya tələbələri təbrik edib, seminarın yüksək səviyyədəki təşkili üçün zəhməti olan hər kəsə təşəkkür ediblər.