Martın 31-də Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” layihəsi çərçivəsində “Open Science Azərbaycan - gənc alimlər üçün yeni imkanlar” mövzusunda konfrans keçirilib. Konfransda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin və 31 Mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ADU, AzTU, ADPU və digər universitetlərlə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doktorant və magistr tələbələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvüİlqar Orucov “Open Science” layihəsindən danışıb. Bildirib ki, layihənin əsas məqsədi gənc tədqiqatçılara “Open Science”, “Open Access”, “Open innovation”, “Open research computation”, “Citizen science, scientific social network” haqqında bilik və informasiyalar vermək, “Open Access” jurnallarına çıxış imkanları, “ORCID” (Open Researcher and Contributor ID) indeksli jurnallarda çap olunmaq üçün elmi məqalələrin hazırlanması metodologiyası haqqında onları məlumatlandırmaq, “Open Science”in gənc alimlər arasında geniş yayılmasına nail olmaqdır. Konfransda Təhsil nazirinin müşavirləri Elnur Nəsibov, Nicat Məmmədli, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru dosent Elçin Süleymanov, Azərbaycan Dillər Universitetinin Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri dosent Səyanə Bağırova mövzuya uyğun təqdimatlarla çıxış ediblər.
Eyni zamanda, canlı bağlantı ilə konfransa qoşulan Lvov Milli Texniki Universitetinin fəlsəfə doktoru “Open science” platforması haqqında geniş məlumat verib.
“Open science” platformasının təbliğinin, gənc alim, doktorant və magistrlərin bu layihəyə cəlb edilməsinin əsas məqsədi ölkəmizdə elm sahəsində əldə edilən nailiyyətlərin beynəlxalq müstəvidə təqdim edilməsinə nail olmaqdan ibarətdir.