
Ölkənin aparıcı və qocaman bədii ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100-illiyinin (2023) qeyd olunması kontekstində, “99+1” proqramı çərçivəsində “Paralel dünyalar” layihəsinin ilk mərhələsi təqdim olunur. Layihənin məqsədi xarici ölkələrin səfirlikləri ilə ortaq tədbirlərin keçirilməsidir. Azərbaycanın dünyaya inteqrasiyasıyanı, dünya ölkələri ilə olan qarşılıqlı tarixi-mədəni münasibətlərinin bədii interpretasiyasını, mövcud vizual stereotipləri açıqlayan layihə Universitetin təhsil və bədii yaradıcılıq müstəvisində mübadiləsini gücləndirməyə yönəlibr. Hazırkı tarixi məqamda, 2022-ci ildə Azərbaycan bir sıra ölkələrlə diplomatik münasibətlərinin qurulmasının 30 illik ildönümlərini qeyd edir. Ölkəmizdə fəaliyyətdə olan səfirliklərin və ADMİU-nun tələbələrinin ortaq tədbirləri vasitəsi ilə hər iki yubileyi qeyd etmək, davamlı və dayanıqlı əməkdaşlıq formalışdırmaqdır. Tədbirlərin formatı hər iki tərəfin bədii fəaliyyətini vurğulayır. Universitetimizin universallığını nəzərə alaraq, burada bütün fakültələrin cəlb edilməsi zəruridir. İlkin mərhələdə layihə çərçivəsində Macarıstan, Yunanıstan, İtaliya, İspaniya, Meksikanın Azərbaycan Respublikasındakı səfirliklərinin iştirakı ilə ADMİU-nun müəllim-tələbə heyətinin fərqli bədii istiqamətli tədbirləri təşkil olunur. Tədbirlərin məzmunu seçilən ölkələrin tarixi, mədəniyyəti və incəsənətinin təqdimatının fərdi bədii interpretasiya formatında işlənməsidir. 2023-cü il üçün isə layihənin davamı nəzərdə tutulub.
“Paralel dünyalar”ın ilk tədbiri Azərbaycan-Macarıstan diplomatik əlaqələrinin 30 illiyinə həsr olunub. Macarıstan Azərbaycanın müstəqilliyini 26 dekabr 1991-ci il tanıyıb, 1992-ci ilin payızında isə ölkələr arasında diplomatik münasibətlər qurulub. Bu illər ərzində ikitərfəli dostluq və əməkdaşlıq münasibətləri rəsmi səfərlər və razılaşmalarla yanaşı, dərin tarixi-mədəni köklərə əsaslanan xalq diplomatiyası zəminində də özünəməxsus tərzdə inkişaf edib. Mədəni əlaqələr çərçivəsində ədəbiyyat, musiqi, teatr, kino və təsviri sənət, təhsil sahəsində əməkdaşlıq, Şuşa və Dyöndyöşun qardaş şəhərlər elan edilməsi ilhamverici fəaliyyətlərdir.
Məhz bu müstəvidə formalaşan bədii obrazlar tədbirin əsas seqmetləridir. “Ağ maralın izi ilə” konsepti dərin köklərə əsaslanan qədim simvolun hər iki milli mədəniyyətdə tutduğu yeri, onun törətdiyi mənəvi dəyərlər sisteminin oxşar və fərqli xüsusiyyətlərini yaradıcı təfəkküründə əks edir. Layihənin proqramında əfsanəvi Maralın obrazında bir neçə xətt kəsişir. Macarıstan səfirliyi tərəfindən təqdim olunan “Şəhər əfsanələri” mühazirəsi (müəllif: Macarıstan Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil üzrə diplomatı, cənab Mihay Qruber) Budapeştin tanınan, maraqlı abidələrinin mifoloji aspektini izah edir, fotoqraf və səyyah Aydın Sadıxovun təqdim etdiyi fotosərgidə isə abidələrin görüntüləri maraqlı rakurslardan izlənir.
ADMİU-nun tələbə-müəllim həyətinin ərsəyə gətirdiyi proqram üç fakültə tərəfindən hazırlanıb. Rəssamlıq fakültəsinin “Dekorativ sənət” ixtisası üzrə təhsil alan tələbələrin yaratdığı qobelen əsərlərinin mövzusu Maral obrazıdır (bədii koordinatorlar: sənətşünaslıq üzrə fəlsəfə doktorları Saltanat Rzaveya və Gülarə Salayeva). Burada Azərbaycan və Macar folklorunda mühüm və əhəmiyyətli yerə malik olan Maral fərqli qobelen texnikalarında və üslubi həldə təqdim olunur. Ənənəvi texnikalarla yanaşı, müəllim və tələbələrimiz innovativ yanaşmalar da tətbiq etmişdir. Burada məxmər, keçə, klassik qobelen, kilim texnikaları, dekorativ rəngkarlıq işlənib. Musiqi proqramı iki hissəlidir. Musiqi fakültəsinin tələbəri Macarıstanın klassik irsinə, F.Listin əsərlərinə müraciət edir (Bədii koordinatorlar: Türkər Qasımzadə, Leyla Aslanova, Rəşad Kazımov, Leyla Əliyeva), Universitetimizin nəzdində uğurlu fəaliyyət göstərən “Cadenza” orkestrinin solistləri isə B.Bartok və Q.Liqetinin əsərlərini ifa edir (Bədii rəhbər: Türkər Qasımzadə).Təsadüfi deyil ki, tədbir 11 aprel tarixində - Macar poeziyası günündə keçirilir. Teatr fakültəsinin tələbələri tərəfindən hazırlanan bədii qiraət Şandor Petefinin əsərlərinə müraciət əsasında tətbiq edilibr. Tədbir əsnasında iştirakçılara Sertifikatlar təqdim olunacaq.
Lahihənin rəhbəri ADMİU-nun Rektor müşaviri Sevil Kərimova, layihənin koordinatorları Mixay Qruber, Aydın Sadıxovdur.