Martın 29-da Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetində (ADMİU) Almaniya Xarici İşlər Nazirliyi, Goethe İnstitutu və digər tərəfdaşların 2021-ci il Mədəniyyət və Təhsil Təşkilatlarına Beynəlxalq Yardım Fondu tərəfindən maliyyələşdirilən “Mədəni Üfüqlər” İncəsənət xadimləri, mədəniyyət fəalları və yaradıcı sahibkarlar üçün təlim proqramı çərçivəsində “Rəmzlərin izi ilə” kompüter bilim oyunu/video araşdırma layihəsinin təqdimatı keçirilib. Layihənin məsləhətçisi/mentor Cahangir Səlimxanov, layihə rəhbəri Günel Seyidəhmədli, dizayner&DEV Ağababa Bağırovdur.
Təqdimat mərasimində tanınmış qonaqlar, universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözüylə açan ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva universitet olaraq milli-mədəni irsimizin təbliğini həyata keçirən belə bir layihəyə ev sahibliyi etməyin məmnunluğundan bəhs edib və yaradıcı heyətə uğurlar arzulayıb.
Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq əlaqələr departamentinin rəhbəri, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov çıxışında bildirib ki, mədəniyyətimiz, incəsənətimiz və tariximiz haqqında məlumatları dövrün tələbinə uyğun olaraq gənclərə video oyun vasitəsiylə çatdırmaq layihənin əsas məqsədi və ideyasıdır.
ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli çıxış edərək layihə haqqında geniş məlumat verib. O qeyd edib ki, bu layihədə əsas məqsəd Azərbaycanın milli-mədəni irsinə sahib çıxaraq, tariximizi gənclər arasında təbliğ etməkdir. O, layihənin bütün yaş kateqoriyasından olan insanlar üçün nəzərdə tutulduğunu bildirib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman İbrahimov bu cür uğurlu və tariximiz, mədəniyyətimiz üçün önəmli layihədə yer aldığı üçün məmnunluğunu bildirib.
Dizayner & DEV Ağababa Bağırov “Rəmzlərin izi ilə” kompüter bilim oyunu/video araşdırma layihəsi haqqında geniş məlumat verib və ilkin mərhələnin “Həyat ağacı” adlandırıldığını vurğulayıb.
Sonra sözügedən oyun təqdim olunub.
Təqdimatdan sonra Təhsil Nazirliyinin nümayəndəsi Afət Sadıqova, Mədəniyyət Nazirliyinin nümayəndəsi Nurəddin Babayev, ADMİU-nun prorektoru Gülşən Əliyeva-Kəngərli, ADMİU-nun rektorunun müşaviri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova, Xalq rəssamı Arif Əziz, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov, ADMİU-nun kafedra müdiri, professor Rafiq Quliyev və başqaları çıxış edərək layihə haqqında fikirlərini bölüşüb, yaradıcı heyəti təbrik ediblər.