ADMİU-NUN TƏLƏBƏSİ TÜRKİYƏDƏ MÜSABİQƏNİN QALİBİ OLUB
ADMİU-NUN TƏLƏBƏSİ TÜRKİYƏDƏ MÜSABİQƏNİN QALİBİ OLUB
17.03.2022
Türkiyədə Çekmeköy bələdiyyəsi tərəfindən Cümhuriyyətin qurulmasının 100-cü ilinə həsr olunmuş "Yüzüncü il marşı" müsabiqəsinin şeir mərhələsi başa çatıb. Müsabiqəyə dünyanın 14 ölkəsi və Türkiyənin 81 bölgəsindən minlərlə poeziya nümunəsi göndərilib. Göndərilən şeirlər Türkiyənin tanınmış şəxsiyyətləri- tarixçi, bəstəkar, musiqiçi, şair, yazıçılardan ibarət 17 nəfərlik münsiflər heyəti tərəfindən dəyərləndirilib.
Minlərlə şeir arasından ən yaxşı 100 şeir qalib olaraq seçilib. Onların arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, gənc şair Səma Zamiqqızının (İmanova) da şeiri var. Seçilən tək azərbaycanlı olan xanım şairin Türkiyə türkcəsində qələmə aldığı "Cümhuriyet bayramımız" şeiri münsiflər tərəfindən yüksək qiymətləndirilib.
Şairlərin mükafatlandırma mərasimi martın 3-də İstanbul Atatürk Kültür Mərkəzində keçirilib. Mərasimdə seçilən 100 şeirin kitab halında çap edilərək Türkiyənin bütün kitabxanalarına paylanacağı, şeirlərə marşlar bəstələnəcəyi qeyd olunub.