
ADMİU Kitabxana-İnformasiya Mərkəzinə rəssamlığa dair yeni nəşrlər daxil olub. Xalq rəssamı Cəmil Miryusif oğlu Müfidzadənin həyat və yaradıcılığına həsr edilən bu kitablarda rəssamın Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Şərq xalqları Dövlət İncəsənət Muzeyində (Moskva), Maksim Qorkinin mənzil-muzeyində (Moskva), P.Lüdviqin muzeyində (Almaniya), Ulan-Bator İncəsənət Muzeyində (Monqolustan), Fransa və digər ölkələrin şəxsi kolleksiyalarında qorunub saxlanılan əsərləri əksini tapıb. Fırça ustasının “İçərişəhər”, “Abşeron nefti”, “Buhenvald”, “Xınalıq”, “Monqolustan torpağında”, “Misir təəssüratları” və s. silsilə məşhur əsərləri fərdi yaradıcılıq vasitələri ilə seçilən bənzərsizliyini və özünəməxsusluğunu parlaq təcəssüm etdirir. Cəmil Müfidzadənin yaradıcılığı milli-mənəvi dəyərləri qabarıq şəkildə hiss etdirir və onun sənət nümunələrinə bağlılığı, yanaşması fərdidir, əsərlərindəki hərtərəfli ümumiləşdirmələr miniatür sənəti ənənələri ilə həmahəngdir.
Əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının “Tənqid və sənətşünaslıq” bölməsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyevin “Cəmil Müfidzadə. Cizgilərə hopan ömür” (2011) adlı ilk kitab təsviri sənətin qrafika sahəsinə aid olan yüksək bədii dəyəri ilə seçilən nəşrdir. Görkəmli qrafika ustası Cəmil Müfizadənin həyat və yaradıcılığından bəhs edən kitabda rəssamın yaradıcılıq yolu ardıcılıqla izlənib, onun çəkdiyi çoxsaylı qrafik silsilələr ayrıca təhlil olunub.
Cəmil Müfidzadənin “Dünyanın 4/5” (2015) adlı kitabında müəllif səfər etdiyi yeni ölkələr, xalqlar, onların yaşayış tərzini, adət-ənənələrini, təbiətini, memarlığını fotoşəkillərə köçürüb.
Xalq rəssamı C.Müfidzadənin “Misir təəssüratları” (2010) mövzusuna həsr olunan kitab-albomunda sənətkarın 2004-2006-ci illərdə Misir Ərəb Respublikasına səyahəti dövrdə çəkdiyi tabloların fotoları öz əksini tapıb.
Qeyd olunan nəşrlərin Kitabxana-İnformasiya Mərkəzində sərgisi təşkil olunub və oxucuların istifadəsinə verilib.