Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) vokalçı-aktrisa, Azərbaycanın messosoprano səsli opera müğənnisi, pedaqoq Rəhilə Cabbarovanın 100 illik münasibətiylə anım tədbiri keçirilib. Tədbirdə ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tanınmış sənətçilər, mərhum sənətkarın oğlu və ailə üzvləri iştirak ediblər.
Tədbirin aparıcısı Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli mərhum sənətkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib, onun ədəbi portretini yaradıb.
Xalq artistləri Xuraman Qasımova, Teyyub Aslanov, Brilyant Dadaşova, Əməkdar artist Yaqut Abdullayeva və başqaları çıxış edərək müəllimləri olmuş Rəhilə Cabbarov ilə bağlı xatirələrindən bəhs ediblər.
Qeyd olunub ki, Rəhilə Cabbarova təkcə gözəl və güclü səsə malik olmaqla bərabər, uzun illər ADMİU-da müəllim və kafedra müdiri kimi çalışaraq böyük bir vokalçılar nəsli yetişdirib.
Sonda çıxış edən ailənin adından R.Cabbarovanın oğlu çıxış edərək göstərilən diqqətə görə universitet rəhbərliyinə və tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.