Fevralın 23-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim kollektivi və qonaqlar iştirak ediblər.
Foyedə ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi tərəfindən hazırlanmış kitab sərgisi yer alıb. İştirakçılar tədbirdən öncə sərgiylə tanış olublar.
Tədbir Xocalı faciəsi qurbanları, eləcə də Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Universitetin rektoru, professor Ceyran Mahmudova çıxışında bu günün tarixindən bəhs edib, deyib ki, illər, qərinələr keçsə də, Xocalı soyqırımı unudulmur və unudulmayacaq. Azərbaycanın böyük zəfərlə başa vurduğu İkinci Qarabağ müharibəsindən də söz açan rektor bildirib ki, bu müharibəylə təkcə əzəli torpaqlarımız azad olunmadı, həm də Xocalı və digər dövrlərdə ermənilər tərəfindən qətlə yetirilmiş günahsız insanlarımızın, şəhidlərimizin qisası alındı.
Tədbirdə 1992-ci il Qarabağ müharibəsində əsirlik həyatı yaşamış Dürdanə Ağayeva, Elşad Ağayev və Mürvət Məmmədov iştirak edərək başlarına gətirilən faciədən, yaşadıqları ağır günlərdən danışıblar. Hər üç şahid çıxışlarında vurğuladılar ki, uzun illər keçməsinə baxmayaraq, ermənilərin xalqımızın başına gətirdiyi faciələr heç zaman unudulmamalı, tarixdən dərs alınmalıdır. Həmçinin, onlar Qarabağ zəfərindən də bəhs edərək, indi az da olsa, yaralarının üstünə su sərpildiyini, bu qələbənin onlar üçün bir təsəlli olduğunu deyiblər.
Dürdanə Ağayeva yaşadığı əzablı günlərin xatirələrindən ibarət iki kitabını rektor C.Mahmudovaya hədiyyə edib.
Tədbirdə iştirak edən şahidlərin əsirlikdən qaytarılma anını əks etdirən video-çarx nümayiş etdirilib.
Daha sonra tədbir iştirakçıları ADMİU-nun Rəssamlıq fakültəsinin müəllim və tələbələrinin çəkdikləri əsərlərdən ibarət rəsm sərgisiylə tanış olublar.