Dekabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi dekabrın 12-si Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Ulu Öndərin məzarını ziyarət edib, məzarın önünə əklil qoyublar.
Günün davamında ADMİU-da “ADMİU 99+” layihəsi çərçivəsində Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə baş tutan “Zirvədən zirvəyə və əbədiyyətə "adlı tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözüylə açan Universitetin rektoru, professor Ceyran Mahmudova bildirib ki, hər il Ulu Öndərin anım günü ərəfəsində ənənəvi olaraq onun xatirəsi ADMİU-da yad edilir, onun haqqında tədbirlər, dəyirmi masalar, elmi seminarlar, sərgilər keçirilir.
Rektor qeyd edib ki, Bu gün Mədəniyyət və İncəsənət Universitetində dərs deyən, hazırda bu tədbirdə iştirak edən Azərbaycan mədəniyyətinin ikonlarına çevrilmiş sənətkarlarımız var ki, onların Heydər Əliyev dühasıyla bağlı xatirələri çoxdur: “Burda çalışan əksər professor və müəllimlərimiz ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləridir. Onların çoxunun Ulu Öndərlə bağlı maraqlı, anlamlı xatirələri var. Bu xatirələr onu bir daha şəxsiyyət kimi yaxından tanımağımıza səbəb olur. Heydər Əliyev mədəniyyətimizə, incəsənət xadimlərinə hər zaman diqqət və qayğıyla yanaşıb. O, incəsənətin hər sahəsinə eyni həssaslıqla yanaşar, mədəniyyət xadimlərini öz diqqətiylə ruhlandırardı. Biz onun bu qayğısının, diqqətinin canlı şahidləriyik. Ədəbiyyat, rəssamlıq, xalçaçılıq, bəstəkarlıq, heykəltəraşlıq, teatr, kino və sair mədəniyyət sahələrimizin hər biri Heydər Əliyevin çox dəyərli ideyalarından bəhrələnib və inkişaf yolu keçib. O, Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə məhz onun sayəsində tanındı”.
Daha sonra Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, Əməkdar müəllim, tarix elmləri doktoru professor İradə Hüseynova Heydər Əliyev dühasıyla bağlı xatirələrini bölüşüb, onun həyatı, siyasi irsi haqqında geniş məruzəylə çıxış edib.
Professor İradə Hüseynova çıxışında ulu öndər Heydər Əliyevin bütün həyat və fəaliyyətini Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafına və möhkəmlənməsinə həsr etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Heydər Əliyevin çoxşaxəli xarici siyasətinin ən əsas istiqamətlərindən biri də Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması olub.
Tarixçi-alim onu da xüsusi qeyd edib ki, müasir dövrdə bu siyasi kursu Prezident İlham Əliyev qətiyyətlə davam etdirir.
Çıxışının sonunda professor İkinci Qarabağ müharibəsinin Azərbaycan hərb tarixinin möhtəşəm bir zəfər səhifəsi kimi əbədi olaraq şanlı tariximizə həkk olunmasından, 44 gün sürən və işğalçı Ermənistanın təslim olması ilə başa çatan Vətən müharibəsinin Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə igid və cəsur Azərbaycan Ordusunun - əsgər və zabitlərinin, Azərbaycan xalqının layiq olduğu möhtəşəm Qələbə ilə tarixə qızıl hərflərlə yazılmasından qürur duyduğunu bildirib. O, həmçinin əzəli və müqəddəs torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsində rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığından bəhs edib.
Sonda rektor C.Mahmudova professor İradə Hüseynovaya və iştirakçılara öz təşəkkürünü bildirib, Heydər Əliyevin qəlblərdə, xatirələrdə, Azərbaycan tarixində əbədi yaşayacağını bir daha vurğulayıb.