Dekabrın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Rəssamlıq fakültəsinin tələbələrinin bədii yaradıcılıq nümunələrindən ibarət “ADMİU 99+” layihəsi çərçivəsində “Şuşa ili”nə həsr olunmuş “Vətənimdir, Vətənimdir, Vətənim” adlı rəsm sərgi – müsabiqəsi keçirilib.
Sərgi – müsabiqə ADMİU-nun rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudovanın açılış sözü ilə başlayıb. Daha sonra ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, filologiya üzrə elmlər doktoru, professor Gülşən Əliyeva, Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səyalı Quliyeva və Təsviri sənət kafedrasının müdiri, Əməkdar rəssam Rəşad Cabarov çıxış edərək tələbələri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıblar.
“Şuşa, sən azadsan!”, “Nə gözəldir Azərbaycan” və “Mənim Bakım” nominasiyaları üzrə təşkil edilmiş sərgi – müsabiqədə qaliblər fərqli texnikalarda (yağlı boya, akril, sulu boya, quaş, tuş və qarışıq texnika) yaratdıqları bədii yaradıcılıq nümunələrinə görə müxtəlif hədiyyələr, sertifikat və pul mükafatları ilə təltif ediliblər: “Bakı” əsəri ilə Osmanov Şafiq (I təhsil ili magistrant, Teatr-dekorasiya rəngkarlığı) – I yer və 150 AZN; “Cıdır düzü” əsəri ilə Səmədov Xəyyam (I təhsil ili magistrant, Dəzgah rəngkarlığı) – II yer və 100 AZN; “Xudafərin körpüsü” əsəri ilə Quliyeva Nərgiz və “Qarabağ gözəli” ilə Səmədova Nailə (hər ikisi I təhsil ili magistrant, Dəzgah rəngkarlığı) – III yer və 80 AZN-lə mükafatlandırılıblar. “Yağışlı Bakı” əsəri ilə Səlimli Məsumə (I təhsil ili bakalavriat, Rəngkarlıq), “Şuşa abidələri” əsəri ilə Nağıyeva Gülqədəm (III təhsil ili bakalavriat, Kitab tərtibatı və illüstrasiyası), “Xəzər sahili” əsəri ilə Şahbazova Gülnar (IV təhsil ili bakalavriat, Dəzgah rəngkarlığı), “Bakı əsəri” ilə Əliyeva Seyidxanım (III təhsil ili bakalavriat, İnteryer dizaynı) isə həvəsləndirici yerə layiq görülüblər.
Tədbirin sonunda xatirə fotosu çəkdirildi.