Beynəlxalq Muğam Mərkəzində milli musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, “Şöhrət” ordenli bəstəkar Emin Sabitoğlunun 85 illiyinə həsr olunmuş “Gəl qoşulaq durnalara” adlı konsert keçirilib. Tədbirdə dövlət rəsmiləri, ali məktəblərin rektorları, ölkənin musiqi ictimaiyyətinin tanınmış nümayəndələri, ali təhsil və mədəniyyət işçiləri, xarici ölkələrin ölkəmizdəki diplomatik nümayəndələri ADMİU-nun professor-müəllim heyəti və media nümayəndələri iştirak edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Musiqi sənəti fakültəsi, Estrada sənəti kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə bəstəkarın unudulmaz nəğmələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin tələbələri, professor-müəllim heyəti və mədəniyyət xadimləri tərəfindən ifa edilib.
“Estrada sənəti” kafedrasının müdiri, professor Məryəm Babayevanın bədii rəhbərliyi ilə təşkil olunan konsertdə dahi bəstəkarın “Səhnədə işıqlar yananda”, “Özümdən küsürəm”, “Özün gətir gəl”, “Sən ürəyimsən”, “Aşığın arzuları”, “Gələrəm bəlkə”, “Keçə bilmirəm”, “Olmasın”, “Buna həkim neyləsin?”, “Öpərdim gözlərindən”, “Hicran” operettasından “Orxanın ariozası”, “Deyərmi”, “Bir axşam taksidən”, “Sirlə dolu dünya”,“İnsaf da yaxşı şeydir”, “Sahildə”, “Əfv etdim hərşeyi” “Gəl qoşulaq durnalara”, “Fikir eləmə” bəstələri səslənib. Tədbir E.Sabitoğlunun Əhməd Cavadın sözlərinə bəstələnmiş “Can Azərbaycan” və Zeynal Cabbarzadənin sözləri əsasında yazılmış “Nə olar” mahnılarının ifası ilə başa çatıb.
Rəngarəng proqrama malik konsert tamaşaçılar tərəfindən böyük sevgi və maraqla qarşılanıb.