
Noyabrın 12-də “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışı keçirilib.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 8-ci dəfə keçirilən yarışda ölkə üzrə 49 ali təhsil müəssisəsinin tələbələri iştirak ediblər.
Diqqətə çatdırılıb ki, artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin öyrənilməsinə, gənclər arasında maarifləndirməyə yönəlib. İştirakçılar “Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri”, “Heydər Əliyev və Qarabağ həqiqətləri”, “Azərbaycanın Vətən müharibəsindəki zəfəri”, “Qarabağın dirçəlişi” və digər mövzulardakı suallar üzrə biliklərini sınayıblar. Komandalar hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyindəki arxiv materialları əsasında mövzular üzrə araşdırma aparıblar.
Yarışda hər ali təhsil müəssisəsini 6 nəfərdən ibarət komanda təmsil edib. Üç turun sonunda ümumrespublika bilik yarışının qalibləri seçilib. Qaydalara əsasən, münsiflər heyəti hər düzgün cavabı bir xalla qiymətləndirib. Ümumi xallar üzrə qalib komanda müəyyənləşib.
Bilik yarışında Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası birinci, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası ikinci, Dövlət Sərhəd Xidmətinin Akademiyasının komandası üçüncü yerə layiq görülüb.
Yarışda I, II və III yerləri tutan komandalar mükafatlandırılıb, komandaların hər bir üzvünə iştirakçı sertifikatları təqdim edilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) komandasına məsul şəxs - ADMİU Tələbə Gənclər Təşkilatının sədri Əlirza Əlizadə ümummilli lider Heydər Əliyevə həsr olunan bilik yarışında iştirak etməyin çox qürurverici olduğunu deyib: “Komandamız hər il “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışmasında iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Heydər Əliyev irsi daim öyrənilir və bu yarışmaya bizim komandamız da ciddi hazırlaşmışdı. İnanıram ki, növbəti illərdəki bilik yarışmalarında uğur qazanaraq, istədiyimiz nəticəyə nail olacağıq”.