Noyabrın 4-də “44 Günlük Dastan” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) keçirilib.
Tədbirdə ADMİU-nun Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru professor Gülşən Əliyeva - Kəngərli, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının əməkdaşı, "Enactus Azərbaycan" proqramının ölkə üzrə rəhbəri Rəşad Zeynalov, Böyük Qayıdış Gənclər Təşkilatının idarə heyətinin üzvü, “Aprel döyüşləri” qazisi Əhliyət Mehdiyev və ADMİU Tələbə Gənclər Təşkilatının (TGT) sədri Əlirza Əlizadə çıxış ediblər.
Tələbələr və gənclər arasında qəhrəman qazi və döyüşçülərimizin tanıdılması məqsədilə həyata keçirilən görüşdə ölkəmizin bütövlüyü və suverenləyi uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsi hörmət və ehtiramla anılıb.
Prorektor Gülşən Əliyeva - Kəngərli çıxış edərək qonaqları salamlayıb, tədbir iştirakçılarına Vətən müharibəsi və ADMİU-nun müharibədə iştirak edən tələbə, məzun, əməkdaşları haqqında məlumat verib.
Daha sonra tədbirin qonağı olan Vətən müharibəsi qaziləri - Şəhriyar İbrahimli, Ayaz Tağızadə, Vüsal Yusifov və Elnur Abbasov keçdikləri döyüş yolu və Vətən müharibəsi dövründə yaşadıqları hadisələri gənclərlə bölüşüblər. 44 günlük Vətən müharibəsinin qaziləri ilə keçirilmiş panel görüşdən sonra baş tutmuş sual-cavab sessiyasında döyüşçülər tələbələrin suallarını ətraflı cavablandırıblar.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, ATGTİ və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən layihə çərçivəsindəki görüşün sonunda ADMİU tələbələrinin lentə aldıqları "Öncə Vətən" filmi nümayiş olunub.
Son olaraq ADMİU TGT sədri Ə.Əlizadə qazi və döyüşçülərə təşəkkürünü bildirərək, silsilə tədbirlərin, görüşlərin davam edəcəyini vurğulayıb.