Noyabrın 3-də “Qız qalası” Rəsm Qalereyasında rəssam Mir Azər Abdullayevin rəsm əsərlərindən ibarət fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova Mir Azər Abdullayevin fərdi sərgisinin açılışında iştirakından məmnunluğunu bildirərək deyib: “Mən çox şadam ki, bizim universitetdə belə istedadlı, kreativ və müasir düşünən müəllimlər var. Mir Azər müəllimin yaradıcılığını mən çoxdan izləyirəm və demək olar ki, onun pərəstişkarlarındanam. Burada bu gün müxtəlif mövzularda əsərlər yer alıb, lakin bildiyimiz kimi bu sərgi “Şuşa İli”nə həsr olunub. Elə bu səbəbdən də burada Şuşa mövzusu ilə bağlı əsərlər xüsusi əhəmiyyət kəsb edir. Mir Azər müəllim zəhmətkeş sənətkarlardandır və ona fəaliyyətində uğurlar diləyərək, gələcəkdə də bu cür gözəl sərgilərinin keçirilməsini arzu edirəm”, - deyə rektor bildirib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı Səlhab Məmmədov Mir Azərlə tanışlığının uzun illərə bağlı olduğunu bildirərək vurğulayıb ki, Mir Azərin bütün əsərlərini bu cür bir arada görməmişdim: “Bu sənət əsərləri məni valeh etdi. Bu yaxında Şuşada idim və doğma Şuşamızın ab-havasını, istiliyini, koloritini mən bu gün burada sərgilənən rəsm əsərlərində görürəm və bu çox gözəl hisslər yaradır. Düşünürəm ki, bu sərgini dünyanın istənilən yerində nümayiş etdirmək olar. Mən çox istəyərdim ki, bu gün burada sərgilənən əsərlər Azərbaycan ziyalılarının kolleksiyasında öz yerini tapsın, onların evlərinin gözəl guşələrini bəzəsin, həmçinin muzeylərimizdə olsun. Çünki, bu, gələcək nəsillər üçün sərvətdir”.
ADMİU-nun “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, Xalq rəssamı Arif Əziz rəssamın əsərlərinin fərqliliyindən danışıb. O deyib: Mir Azər sadəcə sənətkar deyil, həm də böyük vətənpərvərdir. Onun rəsmlərində özünün mənlik şüuru, milli kimliyi vurğulanır. Onun bütün yaradıcılığı vətəni Azərbaycana məhəbbətlə doludur, çünki o, əsərlərində doğma torpağın gözəlliyini, xalqının adət-ənənələrini nümayiş etdirir. Onun yaradıcılığında özünəməxsus unikallıq, milli xüsusiyyətlərlə müasirliyin sintezi əksini tapır. Mir Azər yaradıcı insan kimi daim irəliyə can atır, yenilik axtarır, özünü təkmilləşdirir və üzərində yorulmadan çalışır. Onun rəsmləri bənzərsiz sənət əsərləridir və hər biri özünəməxsus üslub nümayiş etdirməklə digər rəssamların əsərlərindən seçilir”, - deyə kafedra müdiri vurğulayıb.
Daha sonra “Tətbiqi sənət” kafedrasının müdiri, Əməkdar rəssam Rəşad Cabbarov və “Sənətşünaslığın təbliği” İctimai Birliyinin sədri, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev belə sərgilərin əhəmiyyətindən danışaraq burada iştirak etməkdən məmnunluqlarını qeyd ediblər. Bildirilib ki, “Şuşa İli”nə həsr olunan “Rəngarəng” adlı sərgidə Mir Azərin müxtəlif texnikalarda yaratdığı 35 rəsm əsəri nümayiş olunur: “Stereotipləri qırmağı bacaran Mir Azərin əvvəlki əsərləri şəxsi hekayə, həmçinin təcrübələrinə əsaslandığı halda, son əsərləri də vətən və onun tarixi, azadlığı kimi mövzuları özündə ehtiva edir. O, bu sərgisini xalqımız üçün müqəddəs və əziz məkan, həmçinin torpağının hər qarışını mərd oğulların qəhrəmanlıq yadigarı olan Qarabağın tacı Șuşaya həsr edib. Xüsusən qeyd etmək istərdim ki, Mir Azar 44 günlük Vətən müharibəsi dövründə yaratdığı 30-dan çox posterini ABȘ, Danimarka, Avstraliya, Almaniyada keçirilən sərgilərdə nümayiş etdirərək Qarabağ harayını dünyaya çatdırmağa çalışıb”.
Sonda rəssam Mir Azər Abdullayevin rəsmlərindən ibarət fərdi sərgiyə baxış keçirilib.
Mənbə:
https://azertag.az/xeber