19-23 oktyabr Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru və nümayəndə heyətinin Özbəkistan səfəri çərçivəsində universitetin rektoru, professor Ceyran Mahmudova Özbəkistan Bədii Akademiyasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun “Fəxri professoru” seçilib.
Bu təltifi C.Mahmudovaya İnstitutun rektoru A.Mirzorəhimov təqdim edib. O, bildirib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti dünya mədəniyyəti və incəsənətiylə yanaşı, Azərbaycan və Özbəkistanın da daxil olduğu, Ümumtürk mədəniyyətinin, şərq incəsənətinin öyrənilməsində çox mühüm işlər görür. Təbii ki, bu işlərin başında uzun illərdir mədəniyyətin inkişafında yüksək xidmətləri olan professor Ceyran Mahmudova dayanır. O, rektor C.Mahmudovanın rəhbəri olduğu instituta və onun müəllim-tələbə heyətinə olan diqqətindən razılığını bildirərək, təşəkkürf edib, iki ali təhsil ocağı arasındakı bu əlaqələrin gələcəkdə də yüksək şəkildə davam etdiriləcəyinə inandığını vurğulayıb.
Belə bir yüksək təltifə görə Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun rektoru A.Mirzorəhimova təşəkkürünü bildirən C.Mahmudova da öz növbəsində, rəhbəri olduğu universitetlə institutun əlaqələrinin inkişafı istiqamətində əlindən gələni edəcəyini bildirib.