8-10 oktyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində təhsilin təşkili və məzmunu ilə bağlı beynəlxalq forum keçirilib. Beynəlxalq Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) təşkilatçılığı və Əl-Fərabi adına Qazax Milli Universitetinin ev sahibliyi ilə “Qlobal Təhsil Məkanında Transmilli Əməkdaşlıq” adlı beynəlxalq forumda Qazaxıstan, Almaniya, Azərbaycan, Hollandiya, Hindistan, Türkiyə, Latviya, Moldova, Gürcüstan, Qırğızıstan, Özbəkistan və Tacikistan ali məktəblərinin rektorları, dövlət qurumlarının, ali təhsildə keyfiyyətin təminatı üzrə beynəlxalq təşkilatların, xarici akkreditasiya qurumlarının, ali təhsil müəssisələrinin məsul əməkdaşları və əmək bazarı nümayəndələri iştirak edib.
Forumda IAAR-ın dəvəti ilə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetindən rektorun müşaviri, Əməkdar incəsənət xadimi professor Validə Məmmədova, Keyfiyyət təminatı və monitorinq sektorunun müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov iştirak edib.
Keyfiyyət təminatı və strateji planlama departamentinin müdiri iqtisad üzrə fəlsəfə doktoru Nizami Əsədov, departamentin əməkdaşları Əli Hacılı və Namiq Kərimov onlayn qaydada foruma qoşularaq, məruzələri dinləyiblər. Xüsusən, Validə Məmmədova və Gülnar İsakovanın moderatorluğu ilə keçirilən “Universitetin arxitekturası: yeni modellər və imkanlar”, Olqun Çiçək və Olqa Yanokvskayanın moderatorluğu ilə baş tutan “Qlobal reallığın təhsilin inkişafına təsiri” adlı panel sessiyaları maraqlı məruzələr və diskussiyalarla yadda qalıb. ADMİU-nun əməkdaşları beynəlxalq forumda fəal iştiraklarına və çıxışlarına görə sertifikatlarla təltif ediliblər.
ADMİU-nun nümayəndə heyəti səfər çərçivəsində həmçinin T.Jurgenev adına Qazaxıstan Milli İncəsənət Akademiyasında olub və qarşılıqlı əməkdaşlıqla bağlı görüşlər keçiriblər. Görüşlərdə iki universitet arasında birgə layihələr, ikili diplom proqramı, müəllim və tələbə mübadiləsi kimi məsələlər müzakirə olunub, bir sıra ortaq layihələrin həyata keçirilməsi barədə razılıq əldə edilib.
ADMİU-nun rektor müşaviri Validə Məmmədova T.Jurgenev adına Qazaxıstan Milli İncəsənət Akademiyasının rektoru Azamat Satıbaldı ilə görüşərək onu ADMİU-ya dəvət edib. Dəvəti qəbul edən rektor iki universitet arasında mövcud əməkdaşlıq əlaqələrinin olmasından məmnun olduğunu bildirib və müxtəlif istiqamətlər üzrə bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb.
Qazaxıstan Milli İncəsənət Akademiyasının Teatrşünaslıq kafedrasında professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərovla görüş keçirilib. Görüşdə müasir teatr sənətinin və teatrşünaslıq elminin problemləri müzakirə edilib və qərara alınıb ki, cari ilin noyabr ayında iki universitetin professor-müəllim heyətinin iştirakı ilə “Qloballaşma dövründə teatr sənətinin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilsin. Həmçinin növbəti ilin mart ayında Azərbaycan və Qazaxıstan universitetlərinin tələbələrinin iştirakı ilə beynəlxalq elmi konfransın keçirilməsi razılaşdırılıb. Elçin Cəfərov teatrşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün ustad dərsi keçirib.
Eyni zamanda müəllimlərimiz ssenari yaradıcılığı, təsviri incəsənət tarixi, mədəniyyətin aktual problemləri fənləri üzrə dərslərdə iştirak edib.ADMİU-nun nümayəndə heyəti Rusiya Teatr Sənəti İnstitutunun (QİTİS) T.Jurgenev adına Qazaxıstan Milli İncəsənət Akademiyasında keçirilən layihə çərçivəsində Səhnə plastikası kafedrasının müdiri Aydar Zakirovun səhnə hərəkəti və səhnə döyüşü, Anna Trifonovanın rejissor və aktyor sənəti üzrə ustad dərslərində və treninqlərdə iştirak edib. V.Məmmədova və E.Cəfərov QİTİS-in rektoru Əməkdar incəsənət xadimi, professor Q.Zaslavski ilə işgüzar görüş keçirib. Görüş nəticəsində iki ali məktəb arasında maraqlı layihələr planlaşdırılıb.
Səfər müddətində əməkdaşlarımız F.Musrepov ad. teatrda Q. Lorkanın “Qanlı toy” əsəri əsasında hazırlanmış “Oyan, gəlin” tamaşasına, Artkoshe müstəqil teatrının “Sən” müziklına baxıb, Van Qoqun jikle texnikasında təqdim edilən “Dahi və dəlinin sirləri” adlı sərgidə, Qazaxstan rəssamlıq akademiyasının akademiki Baurjan Baydildanın A.Kasteyev ad. Dövlət İncəsənət Muzeyində keçirilən fərdi sərgisində iştirak ediblər.
Qeyd etməliyik ki, bu nüfuzlu dövlət muzeyinin daimi ekspozisiyasında həmyerlimiz Qazaxstan Respublikasının Əməkdar incəsənət xadimi, QR Rəssamlıq akademiyasının akademiki, Kanada heykəltəraşlıq cəmiyyətinin üzvü Vaqif Rəhmanovun əsərləri sərgilənir.
Səfər həm işgüzar, həm də mədəni layihələr baxımından dolğun və maraqlı keçib.