
Kitabxana-İnformasiya Mərkəzinə Azərbaycan Milli Kitabxanası tərəfindən xalqımızın zəngin musiqi xəzinəsini özündə əks etdirən yeni not nəşrləri hədiyyə olunub. İncəsənət tariximizdə özünəməxsus sənətkarlıq yolu keçmiş 15 müxtəlif tanınmış bəstəkarın ayrı-ayrılıqda yaradıcılığından nümunələrin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət pyeslərin toplandığı bu nəşrlər “Milli musiqi xəzinəmizdən” adlı layihəsi çərçivəsində çapdan çıxıb.
ADMİU-da Musiqi sənəti fakültəsində təhsilin sənəd-informasiya təminatında mühüm əhəmiyyət kəsb edən yeni not nəşrlərinə Asəf Zeynallının “Laylay”, “Muğamsayağı”, Fikrət Əmirovun “Violino və fortopiano üçün seçilmiş əsərləri”, Qara Qarayevin “İki pyes”, “Beş pyes”, “Altı uşaq pyesi”, ““Yeddi gözəl” baletindən seçmələr”, ““İldırımlı yollarla” baletindən pyeslər və Don Kixot simfonik qravürlərindən fraqmentlər”, Cövdət Hacıyevin “Laylay/Skerso”, Səid Rüstəmovun “Dörd pyes”, Emin Mahmudovun “Poema violino və fortepiano üçün”, Arif Məlikovun ““Məhəbbət əfsanəsi” baletindən pyeslər”, Məmməd İsrafilzadənin “Elegiya”, Elmira Nəzirovanın “Elegiya violonçel və fortepiano üçün”, Musa Mirzəyevin “Konsert pyesləri”, Əşrəf Abbasovun “Poema”, Azər Rzayevin “Laylay. Top-to oyunu”, Midhət Əhmədovun “Mahnı-imprivizə”, Sabir Əliyevin “Azərbaycan xalq melodiyalarının violonçel və fortepiano üçün işləmələri” musiqi əsərləri daxildir.
Fonda yeni daxil olan bu nəşrlər ADMİU-nun ikinci korpusunda professor-müəllim heyəti və tələbələrin istifadəsinə təqdim edilib və onların sərgisi təşkil olunub.