Sentyabrın 15-də yeni dərs ilinin başlamasıyla əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himniylə başlanan tədbirdə dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözüylə açan universitetin rektoru, professor Ceyran Mahmudova tələbələri və müəllimləri yeni tədris ili münasibətiylə təbrik edib və uğurlar arzulayıb. O, ali təhsil üçün Mədəniyyət və İncəsənət Universitetini seçən birinci kursları salamlayaraq, onların təhsil müddətində burada mədəniyyətimizin, incəsənətimizin incəliklərini dərindən öyrənəcəklərinə və gələcəkdə ölkəmizə yararlı mütəxəssis kimi yetişəcəklərinə inandığını vurğulayıb.
Son günlər Ermənistanın Azərbaycan sərhəddində yaratdığı təxribatlar nəticəsində şəhid olan hərbçilərimizi böyük hüzn və ehtiramla yad edən xanım rektor onların arasında ADMİU-nun məzunu Ravil Hümbətovun da olduğunu bildirib və ADMİU-nun Ravil də daxil olmaqla, bütün şəhid, qazi və döyüşçüləriylə fəxr etdiyini deyib.
Daha sonra ADMİU-nun prorektorları Gülşən Əliyeva-Kəngərli, Nigar Rüstəmova, Sədaqət Əliyeva, kafedra müdiri, Əməkdar İncəsənət Xadimi Əli Əmirli və başqaları çıxış edərək tələbələri ilk dərs günü münasibətiylə təbrik edib, uğurlar arzulayıblar.