
Özbəkistanda bir sıra azərbaycanlı elm və mədəniyyət xadimləri mükafatlandırılıblar. Belə ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq fərman imzalayıb.
Mükafatlandırılanlar sırasında Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muğam sənəti” kafedrasının baş müəllimi, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədova da var.
“Özbəkistan Respublikasının Xalq artisti” adına layiq görülən Gülyanaq Məmmədova təəssüratlarını bölüşüb: “Bu gözəl xəbəri mənə Özbəkistanın Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov verdi. Gözlərimə inanmadım. Bu günə kimi Özbəkistanda çox konsertlərim olub. Hər birinə Samir bəyin dəvətiylə getmişəm. İki qardaş ölkənin mədəniyyətinin, ədəbiyyatının, tarixinin əks olunduğu, qırılmaz dostluğunu təcəssüm etdirən bu konsertlərin hər birində onun rolu əvəzsizdir.
Son dönəmlərdə də Özbəkistana çoxsaylı səfərlərim oldu. Həmçinin, biz aprel və may aylarında hörmətli millət vəkilimiz, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevanın və Samir bəyin dəvətiylə Özbəkistanda silsilə konsertlər verdik. Sonuncu dəfə yeddi konsert verib səfərdən qayıtmışıq. Eləcə də mən Özbəkistanda bir klip çəkdirmişdim və özbək xalqı məni o vaxtdan tanıyıb, sevməyə başlamışdı. Silsilə konsertlərimizlə də onların bu sevgisini daha yaxşı görmüş olurduq. Təbii ki, bu, məni sevindirməyə bilməz. Sentyabrın 13-də yenidən səfərimiz olmalıdır və bu ərəfədə belə gözəl xəbər almaq məni çox sevindirdi.
Özbəkistanla Azərbaycanın mədəniyyəti, incəsənəti bir-birinə çox bənzəyir. Hətta deyərdim ki, eynidir. Bu da bir tarixi kökdən gəldiyimizin ən gözəl nümunəsidir. İki dövlət arasındakı tarixə, kökə bağlanan dostluğun, qardaşlığın bu gün davam etdirilməsində mənim də az da olsa payım varsa, bununla ancaq qürur duyuram.
Özbəkistan prezidentinə bu təltif münasibəti ilə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, mən Azərbaycanın da “Xalq artisti” adını daşıyıram. Buna görə həm öz Prezidentimizə, həm də Özbəkistan prezidentinə sənətimə verdikləri dəyərə görə çox təşəkkür edirəm. Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekova və Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevə də təşəkkürlərimi bildirirəm ki, hər səfərimizdə bizimlə görüşüb, böyük diqqət göstəriblər. Düşünürəm ki, bu, Azərbaycan mədəniyyətinə verilən bir dəyərdir”.