Sosial Xidmətlər Agentliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Meşədə əhvalat” adlı iki hissəli nağıl-tamaşa nümayiş olunub. Tamaşadan öncə Sosial Xidmətlər Agentliyinin 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinlərinin hazırladığı "Arşın mal alan" tamaşasından rəqs nümunəsi təqdim edilib.
Bildirək ki, “Meşədə əhvalat” tamaşası sosial məhdudiyyətli uşaqların və ADMİU tələbələrinin birgə iştirakı ilə hazırlanıb. Səhnə əsərinin bədii rəhbəri Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rejissoru ADMİU-nun Teatr sənəti fakültəsinin Rejissor sənəti ixtisasının (dram rejissoru ixtisaslaşması) II kurs tələbəsi, Şəki Dövlət Dram Teatrının aktyoru Elvin Nuridir.
Tamaşadan sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev qonaqları salamlayıb və tədbirdə şəhid və qazi övladlarının iştirak etdiyini qeyd edib. O, Nazirliyin hər zaman şəhid ailələri və qazilərə, eləcə də cəmiyyətin həssas qrupuna daxil olan insanlara qarşı xüsusi qayğıyla yanaşdığını, onların sosiallaşması üçün lazım olan tədbirlər gördüyünü bildirib. Nazir müavini əlavə edib ki, Sosial Xidmətlər Agentliyi ilə ADMİU arasında imzalanmış memoranduma əsasən səhnələşdirilən bu tamaşa travma və çətinliklərlə üzləşmiş insanlara sənət yaradıcılığı vasitəsilə terapevtik yardım etmək və çətin həyat şəraiti ilə qarşılaşan uşaqların cəmiyyətə yenidən adaptasiya olunmasına və sosiallaşmasına yardımçı olmağı hədəfləyib.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova çıxışında bildirib ki, universitet Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə imzaladığı memoranduma əsasən artıq bir neçə layihə keçirilib. Bu tədbir də onlardan növbətisidir. Universitetin bütün fakültələrinin bu cür tədbirlərdə fəal iştirak etdiyini bildirən xanım rektor bunu vətəndaşlıq borcu adlandırıb.
Sonda iştirakçılara təşəkkürnamələr təqdim olunub.