
İyunun 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Gənclər Təşkilatı (TGT) Narkomaniyaya həsr olunmuş “Mən öz gələcəyimi seçirəm!” adlı onlayn seminar keçirib.
Tələbələrin, TGT üzvlərinin qatıldığı konfransda ADMİU TGT-nin sədri Əlirza Əlizadə və ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva-Kəngərli çıxışlarında narkomaniyanın səbəbləri və törətdiyi fəsadlar, onun insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə danışıblar.
Konfransda həkim-narkoloq, psixoterapevt Vəfa Əliyeva geniş məruzəylə çıxış edib. O, öz məruzəsində narkomaniyanın görünən fəsadları, bunun görünməyən səbəbləri, yaratdığı problemlər, nəticələri və qurtuluş yolları haqqında ətraflı məlumat verib.
Daha sonra V.Əliyeva tələbələrin mövzuyla bağlı suallarını cavablandırıb, öz tövsiyələrini səsləndirib. Konfrans diskussiya şəklində davam edib.
İyunun 23-də isə ADMİU-da narkomaniya əleyhinə növbəti maarifləndirici tədbir baş tutub. Tədbirdə rejissor Fariz Əhmədovun müəllifi olduğu “Mayak” qısametrajlı filmi tələbələr üçün nümayiş etdirilib. Filmdə narkomaniyaya gətirən səbəblər və törətdiyi fəsadlar mövzu alınıb. Xatırladaq ki, 2021-ci ildə çəkilən “Mayak” filmi ADMİU-nun məzunu olmuş Fariz Əhmədovun diplom işidir.
Qeyd edək ki, dünyada hər il 26 iyun Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Ölkəmizdə narkomaniya əleyhinə aparılan mübarizə tədbirlərinə töhfə vermək məqsədilə ADMİU-da gənclər arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir. Belə ki, cari ilin 29 aprel tarixində də "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ADMİU-da növbəti maarifləndirmə tədbiri keçirilmişdi. “Həyatının memarı sən özünsən” layihəsi çərçivəsində keçirilən tədbirdən 75 nəfərə yaxın tələbə bəhrələnmişdi.