ADMİU-nun Kulturologiya fakültəsinin “Muzeyşünaslıq” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, muzeyşünas alim Elfira Məlikovanın “Azərbaycan Muzeyşünaslığı” adlı iki cildlik Monoqrafiyası nəşr edilib. Bu elmi əsər ADMİU-da Muzeyşünaslıq ixtisasının yaradılmasının 30 illiyinə həsr edilib.
Monoqrafiyada dünya elmləri ilə inteqrasiyada olan Muzeyşünaslıq elmi haqqında geniş məlumat verilib, dünya muzeyşünaslığının (Muzeologiya), Azərbaycanda muzeylərin yaradılması və inkişafında böyük rolu olan Ümummilli lider Heydər Əliyevin başlıca rolu qeyd edilir. Azərbaycanda Muzey işinin tarixi, Muzeyşunaslıq elminin yaranma səbəbləri böyük informasiya daşıyıcıları olan arxiv sənədləri və fundamental əsərlərin dəyərli faktları əsasında təhlil edilir. Bu əsərlərin muzeyşünaslığın bir elm kimi formalaşmasında fundamental rol oynaması məsələsi önə çəkilir. Muzeyşünaslıq elminin bir fenomen kimi meydana çıxması səbəbləri, digər elmlərlə əlaqəli cəhətləri qarşılıqlı şəkildə müzakirə edilir.
“Azərbaycan muzeyşünaslığı” adlanan monoqrafiyada ilk dəfə olaraq Azərbaycanda muzeylərin İnstitutlaşdırılması, elmi tədqiqat müəssisəsinə çevrilməsinin tarixi səbəbləri müəyyənləşdirilərək, muzey və təhsil müəssisələrində yazılaraq təqdim edilən elmi əsərlər, o cümlədən, tədqiqat işləri müqayisəli təhlil edilir. Müxtəlif ölkələrdə və Azərbaycanda muzeyşünaslığın bir elm kimi yaranaraq, formalaşmasında əməyi olan alimlərin əsərlərinin dəyərinə xüsusi yer verilir.
Monoqrafiyada XXI əsr təkcə dünyada deyil, Azərbaycanda da Muzeyşünaslıq elminin formalaşması haqqında müfəssəl, elmi məlumatlar verir.
Tədqiqat əsərindən muzey işçiləri, muzey işi üzrə mütəxəssislər, sənətşünaslar, tarixçilər, muzeyşünaslar və yaxud onunla əlaqəli olan sahələr üzrə dərs keçən Universitetlər, kolleclər, metodiki kabinələr, eləcə də, muzeyşünaslıq üzrə təhsil alan bakalavrlar, magistrantlar, doktorantlar da dərslik kimi istifadə edə bilərlər.