ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinə Xalq Bankın “Xalq Əmanəti” layihəsindən olan son nəşrləri hədiyyə olunub. Mədəni irsimizin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyan bu layihə Xalq Bank tərəfindən 2010-cu ildən etibarən uğurla həyata keçirilir. Layihə çərçivəsində çap edilən kitablar azərbaycan, ingilis və rus dillərində nəşr olunur.
Sənəd-informasiya resursları fonduna yeni daxil olan dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin “Bütün əsərləri”, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, Xalq şairi Zəlimxan Yaqubun seçilmiş əsərləri, tanınmış rəngkarlıq və qrafika rəssamlarından Ələkbər Rzaquliyevin, Tağı Tağıyevin və Şamo Abasovun əsərlərindən ibarət bədii albomlar Azərbaycan xalqının zəngin mədəni və mənəvi potensialının bəşər mədəniyyətinə inteqrasiya etməsinə təkan verən mühüm nəşrlər kimi diqqəti cəlb edir. Qeyd edək ki, “Xalq Əmanəti” layihəsindən çap olunmuş 21 adda nəşrin hər biri Kitabxana-İnformasiya Mərkəzinin sənəd resursları fondunda komplektləşib. Mərkəzin oxucuları bu kitablara böyük maraq göstərir və onlardan səmərəli istifadə edirlər.