Mayın 31-də Avstriyanın Linz şəhərində Yuxarı Avstriya Tətbiqi Elmlər Universitetində Beynəlxalq Sosial İş Günləri fəaliyyətə başlayıb. Tədbirdə Avstriya, ABŞ, Almaniya, İsveçrə, Meksika, Niderland, Böyük Britaniya, Kanada, Ukrayna və başqa ölkələrdən professorlar, müəllimlər və tələbələr iştirak ediblər.
Ölkəmizi tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) prorektoru dosent Sədaqət xanım Əliyeva, Sosial İş Məktəbinin həmtəsisçiləri Lamiyə Rzayeva-Əhmədli və Xanbala Əhmədli təmsil ediblər.
İlk gün ABŞ-ın Viskonsin-Milvaki Universitetinin professoru Stan Stoykoviç "Həbsxanadakı ahıllarla sosial iş" mövzusunda təlim keçib. Daha sonra hər bir ölkə öz mədəniyyətini, mətbəxinin bir hissəsini və təmsil etdikləri universitet və məktəbləri təqdim ediblər.
İyunun 2-də ADMİU-nun təqdimatı baş tutub. Universitetin prorektoru S.Əliyeva “ADMİU-da sosial iş ixtisasının yaranması, inkişafı və müasir perspektivləri” mövzusunda məruzəylə çıxış edib. Çıxış zamanı həm ADMİU-nun tanıtım videosu, həm də “Sosial iş” ixtisasının 2015-ci ildən fəaliyyət göstərməsiylə bağlı video-çarx yayımlanıb. Qeyd olunub ki, ADMİU-da sözügedən ixtisas yaradıldıqdan sonra başqa universitetlərdə və xaricdə təhsil almış gənc mütəxəssislər müəllim kimi dəvət olunublar. Onlar Lamiyə Rzayeva-Əhmədli və Xanbala Əhmədlidir. Qısa zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə qarşılıqlı əməkdaşlıq yaradılıb və peşəkar kadrlar universitetə cəlb olunub. İki il sonra magistratura səviyyəsində də “Sosial iş” ixtisası yaradılıb. Bu illər ərzində üç böyük beynəlxalq konfrans keçirilib və həmin konfranslarda iştirak edən xarici mütəxəssislər universitetdə ustad dərsləri keçmələri üçün dəvət olunublar. Onların arasında Yuxarı Avstriya Tətbiqi Elmlər Universitetinin professoru Dr. Kristian Ştark da olub. S.Əliyeva çıxışında qeyd edib ki, sosial iş ixtisası ADMİU-da art terapiya istiqamətində də öyrənilir və tətbiq edilir. Sonda prorektor Yuxarı Avstriya Tətbiqi Elmlər Universitetinin rəhbərliyinə Qarabağ motivli hədiyyə təqdim edib.
Lamiyə Rzayeva-Əhmədli isə tədbirdə Azərbaycanda sosial iş haqqında geniş məruzəylə çıxış edib.