Yanvarın 25-də Şəhid Ailələri, Əlillər Və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin əməkdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin(ADMİU) rəhbərliyiylə görüşüblər.
Qonaqları salamlayan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova universitetin hərbi-vətənpərvərlik sahəsində gördüyü işlərdən, keçirdiyi layihələrdən danışıb. Bu müddət ərzində ADMİU-nun professor-müəllim heyətinin, eyni zamanda, tələbələrinin bu işdə çox fəal şəkildə çalışdıqlarını deyən rektor onların təkcə universitet daxilində deyil, universitet xaricində də hər zaman ictimai-mədəni işlərdə aktiv iştirak etdiklərini bildirib. Universitetdə açılan Qarabağ sərgisindən, keçirilən vətənpərvəlik mövzulu tədbirlərdən söz açan C.Mahmudova qeyd edib ki, ADMİU-nun Vətən müharibəsində iştirak edən döyüşçüləri və şəhidlərinin şərəfinə “Zəfər” lövhəsi də hazırlanıb ki, bunu da ali təhsil ocağının müəllim və tələbələri ərsəyə gətiriblər.
Şəhid Ailələri, Əlillər Və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin mətbuat katibi, “Zəfər Tv v-n” onlayn kanalın baş redaktoru Məhərrəm Əliyev birliyin rəhbərliyi və 51000 üzvü adından rektoru və görüş iştirakçılarını salamlayıb, ADMİU-nun vətənpərvərlik sahəsindəki gördüyü çoxsaylı işlərdən xəbərdar olduqlarını, bu fəaliyyətlərini təqdir etdiklərini deyib.
Mədəniyyətyönümlü ali təhsil ocağının gördüyü bu işlərin gənc nəslin sağlam ruhda yetişməsində çox böyük rolu olduğunu qeyd edən M.Əliyev bu səbəbdən İctimai Birliyin ADMİU-nun rektorunu təltif etdiyini nəzərə çatdırıb. Bildirib ki, 44 günlük Vətən müharibəsi kimi yaddaşlara əbədi həkk olunmuş şanlı qələbəmizin qazanılmasında Vətən müharibəsində arxa cəbhədə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərdiyi qiymət və qayğıya görə ADMİU-nun rektoru, professor Ceyran Mahmudova təltif olunur.
Eyni zamanda, görüşdə ADMİU-nun müəllimi, rəssam Fəxrəddin Qəhrəmanlı və ADMİU-nun tələbəsi Arzu İsmayılzadə arxa cəbhədəki səmərəli fəaliyyətlərinə görə Fəxri fərmana layiq görülüblər.