
Azərbaycan tənqidi və ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, sözün həqiqi mənasında XX əsr ədəbiyyat tariximizdə layiqli yeri olan professor, Azərbaycan EA-nın müxbir üzvü Cəfər Cəfərovun Azərbaycan teatrının 1873-1973-cü illər ərzində yüz illik tarixinin geniş, müfəssəl elmi mənzərəsini əks etdirən “Azərbaycan teatrı” fundamental tədqiqatı milli teatrşünaslığımızın inkişafında mühüm rol oynamışdır. Əsər ilk dəfə 1974-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən milli teatrımızın 100 illiyi münasibəti ilə “Azərnəşr”də çap edilmişdir. Çap olunduğu gündən teatrsevərlərin masaüstü kitabına çevrilən, tədqiqatçıların ən çox istinad etdiyi “Azərbaycan teatrı” əsəri nəşrindən əlli ilə yaxın ötməsinə baxmayaraq bu gün də öz aktuallığını itirməmiş, elmi-təcrübi dəyərini və əhəmiyyətini qoruyub saxlamışdır. Kitabın latın qrafikası ilə yenidən nəşr edilməsi zərurəti də buradan yaranmışdır.
“Azərbaycan teatrı” əsəri çapa kitabın tərtibçisi, redaktoru və əlavələrin müəllifi görkəmli alim, professor Yaşar Qarayevin olduğu 1974-cü il nəşri əsasında hazırlanmışdır. Latın qrafikalı nəşrin məsul redaktoru, ADMİU-nun Teatrşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarovdur. Bu gündən baxanda, sözsüz ki, sosializm realizmi cərəyanının hakim kəsildiyi sovet cəmiyyətində və dövründə yazılmış bir əsər kimi “Azərbaycan teatrı” monoqrafiyası da zamanının izlərini, müəyyən ideoloji xətaları özündə daşıyır. Lakin bu da xalqımızın, milli mədəniyyətimizin, o cümlədən, teatr və teatrşünaslığımızın keçdiyi yolun, yaşadığı tarixin bir parçası olaraq bizə məxsusdur. Bu baxımdan, kitabın yeni nəşrində müəllifin indiki dövrlə səsləşməyən fikirlərinə belə toxunulmamış, əsərin strukturu, dili, üslubu və terminologiyası qorunub saxlanmış, yalnız bəzi ifadə və faktlarla bağlı müəyyən izahlar verilmişdir. Azərbaycan peşəkar teatrının 150 illiyinə həsr olunmuş nəşrdən universitetin Kitabxana-İnformasiya Mərkəzində istifadə etmək olar.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.