Muğam sənəti kafedrası 2001-ci ildən fəaliyyət göstərir. Kafedranın pedaqoqları öz fəaliyyətində ənənəvi Azərbaycan musiqisinin ali forması olan muğamın autentik ənənələrini gənc nəslə çatdırmaq kimi mürəkkəb bir missiyanı həyata keçirirlər. Tədris prosesində tələbələrə muğamların təfsiri problemləri, artikulyasiya xüsusiyyətləri, əruz vəzni, ansambl tərkibində ifaçılıq xüsusiyyətləri, repertuar seçimi, qaval ifaçılığı, ixtisas fənlərinin tədrisi metodikası və s. haqqında məlumat verilir. 2006-cı ildə Azərbaycan muğamı UNESCO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri” elan edildikdən sonra onun tədrisi, tədqiqi və təbliği ilə bağlı çoxşaxəli fəaliyyət planı təsdiq olunmuşdur. ADMİU-nun Muğam sənəti kafedrası bu əhatəli planın əsas müddəalarının reallaşdırılması istiqamətində xeyli iş görmüşdür. Təşkil olunan tədbirlərin bir qismi müxtəlif muğamların həm nəzəri baxımdan şərhinə, həm də praktiki nöqteyi-nəzərdən təqdimatına həsr olunur. Kafedra tərəfindən muğamın tədrisi ilə yanaşı, onun tədqiqi və təbliğinə böyük önəm verilir. Müxtəlif mühazirə-konsert, elmi-ifaçılıq konfrans və seminarlarında Azərbaycan muğam sənətinin müxtəlif nümunələrinin təfsiri məsələləri kafedranın əməkdaşları – tanınmış xanəndələr tərəfindən işıqlandırılaraq, əyani şəkildə təqdim edilir. 2018-ci ildən kafedraya Xalq artisti, dosent Teyyub Aslanov rəhbərlik edir.