Kafedra 1959-cu ildə “Mədəni-maarif işi” adı ilə yaradılmış, struktur dəyişikliyi ilə əlaqədar 2012-ci ildən “Kulturologiya” kafedrası, 2018-ci ildən “Sosial-mədəni fəaliyyət” kafedrası adlandırılmışdır. Kafedra əməkdaşlarının bugünədək çoxlu sayda irihəcmli elmi-tədqiqat işi, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaiti, proqram, tədris-metodik vəsait və elmi məqaləsi nəşr edilmişdir. Bunlara nümunə olaraq “Mədəniyyət tarixi və nəzəriyyəsi” dərslik, “Beynəlxalq mədəni əlaqələr” dərslik, “Azərbaycanın ərəb ölkələri ilə mədəni əlaqələri” dərslik, “Ünsiyyət mədəniyyəti” dərslik, “Mədəni irs” dərslik, “İnformasiya mədəniyyəti” dərs vəsaiti, “Azərbaycanda gender problemi: yaranması və inkişaf xüsusiyyətləri” dərs vəsaiti, “Mədəniyyət və incəsənətdə genderin təzahür xüsusiyyətləri” dərs vəsaiti, “Azərbaycanın orta əsr sosiomədəni həyatında cinslərarası münasibətlər” metodiki vəsait, “Cəmiyyətdə genderin rolu” metodik vəsait, “XIX əsr Azərbaycan maarifçiliyi: cəmiyyət və insan” monoqrafiya və s. göstərmək olar.
Bu gün kafedrada ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə təhsil proqramlarında humanitar fənlər, ixtisasın peşə hazırlığı fənləri və ixtisaslaşma fənləri bölümü üzrə 130-a yaxın fənn tədris olunur. Bu fənlərin yüksək səviyyədə tədrisi sosial fəaliyyətin müxtəlif sahələrində mövcud problemləri və prosesləri araşdırmağı və ixtisasa dair standart və qeyri-standart məsələləri həll etmək üçün lazımi bilik, bacarıq və vərdişlərin öyrənilməsini təmin etməyə imkan verir. Hazırda Sosial-mədəni fəaliyyət kafedrasının müdiri fəlsəfə elmləri doktoru, professor Mübariz Aslan oğlu Süleymanlıdır.