Müasir ictimai həyatın bütün sahələrinin kompüterləşdirilməsi və informasiyalaşdırılması hər bir ölkənin önə çəkilən problemlərindəndir. Azərbaycan Respublikasında da bu sahədə ciddi tədbirlər həyata keçirilməkdədir. Kompüter texnologiyalarının tətbiq olunmasının vacibliyi nəzərə alınaraq ilk dəfə 1993-cü ildə universitetmizdə Kompüter mərkəzi yaradıldı.
Burada ardıcıl olaraq seminarlar keçirilir, yeni çıxan proqramlar haqqında məlumatlar verilir, həmçinin mərkəzin əməkdaşları təhsil ocağının mövcud kompüter mərkəzinin texniki cəhətdən işlək vəziyyətini təmin edirlər. Bu gün universitetin bütün fakültələri, kafedraları, inzibati şöbələri, kitabxanası kompüterlə təchiz edilmişdir. Şöbə və dekanlıqlarda kompüterdən səmərəli istifadə etmək üçün xüsusi proqramlar hazırlanmışdır. Universitetdə həmçinin fakültə dekanlıqlarını, kaferdraları, bütün struktur və şöbələri birləşdirən lokal şəbəkə fəaliyyət göstərir.
Bu gün ali məktəblər qarşısında yeni düşüncəyə, yeni təfəkkürə, yüksək yaradıcılıq təxəyyülünə malik mütəxəssislər yetişdirmək tələbi qoyulmuşdur. Buna görə də Ali Attestasiya Komisiyasnın qərarı ilə ixtisasından asılı olmayaraq bütün tələbələrə «İnformatika» fənni tədris olunur.
Məlum olduğu kimi, «İnformatika» kompüterdən və internetdən istifadə etməklə bağlı olan yeni elmi fənn və yeni informasiya sahəsidir. İnformatika kursunun məqsədi tələbələri kompüterin, İnternetin müasir vəziyyəti ilə, eləcə də ən müasir informasiya - kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək, onlara həmin texnologiyalardan istifadə vərdişləri aşılamaqdır. Bununla yanaşı, həm də tələbələrə dünyanın elmi informasiya resurslarını İnternet vasitəsilə öyrənmək yolları göstərilir. İnformatika fənnindən əlavə «Rəssamlıq» fakültəsində tədris edilən «Kompüter qrafikası» və «İncəsənət tarixi və nəzəriyyəsi» sahəsinə aid «Qrafika və dizayn» və «Teatr-dekor» ixtisasları üzrə dərslər də kompüter vasitəsi ilə keçirilir. «Sənətşünaslıq» fakültəsinin «Kitabşünaslıq» ixtisasında tədris edilən «Kompüter və dizayn» fənni ixtisas fənni olaraq 3 il müddətində keçilir. Bu müddət ərzində tələbələrə müasir nəşriyyatlarda istifadə edilən proqramlar öyrədilir. Magistraturada oxuyan tələbələrə İnternetdən, e-mail və Web saytlarından istifadə qaydaları tədris edilir, internetlə əlaqədar lazım olan proqramlar üzrə dərslər keçirilir.
Universitetin bütün fakültələrində İnformatika fənninin tədrisi üçün xüsusiləşdirilmiş kompüter mərkəzləri fəaliyyət göstərir. Kompüter mərkəzimizə müraciət edən müəllim və tələbələrə elektron poçtundan, internetdən istifadə etməyə hər cür şərait yaradılmışdır. Xarici ölkələrdə internet şəbəkəsinin axtarış sistemlərində olan incəsənətə aid məlumatlar müntəzəm olaraq müəllim və tələbələrə çatdırılır. 2003-cü ildə universitetin internet səhifəsi yaradılmışdır (www.admiu.edu.az). Saytda universitet haqqında kifayət qədər məlumat yerləşdirilmişdir. Burada ADMİU-nun tarixi, tədris olunan fənlər və s. məlumatlar əks etdirilmişdir. Saytın üstün cəhətlərindən biri də onun müntəzəm olaraq yeniləşməsidir. Sayt Azərbaycan, ingilis və rus dillərindədir.
Tarixi və mədəni irsimizin qorunmasında, cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsaslı islahatların aparılmasını zəruri etmişdir. Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının əsas məqsədi “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda, habelə digər müvafiq hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq kitabxana işi sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi sərvətlərin toplanmasını, mühafizəsini və onlardan istifadə imkanlarının artırılmasını təmin etməkdən ibarətdir. Qanunda elektron informasiya fondlarının formalaşdırılması və virtual kitabxanaların inkişaf etdirilməsi, elektron kataloq və elektron kitabxanaların yaradılması işinin təmin edilməsi, onların müasir standartlar səviyyəsinə çatdırılması, kompüterləşdirilmiş kitabxana infrastrukturunun qurulması, kitabxanaların yeni informasiya texnologiyaları ilə təchiz edilməsinin vacibliyi qeyd edilmişdir.
Bununla əlaqədar olaraq universitetdə Avtomatlaşdırılmış İnteqrasiyalı Kitabxana Sisteminin yaradılması proqramı hazırlanmışdır. Elektron kataloqa 3000 adda yeni kitab daxil edilmişdir. Kitabxananın elektron fondunda 93000-ə yaxın nəşr materialı qorunur. 2007-ci ildən magistraturaya sənəd qəbulu, 2008-ci ildən isə abituriyentlərin sənəd qəbulu univeritetin internet şəbəkəsi vasitəsilə yerinə yetirillir. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2010-cu il tarixli 225 saylı fərmanı ilə təsdiq edilmiş “Tələbə - məzun dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də bu sistemə qoşulmuşdur.