ADMİU-nun arxivində bu ali təhsil ocağının tarixinə, yaradıcılıq ənənələri ilə zəngin həyat yoluna, əldə etdiyi nailiyyətlərə, milli mədəniyyət və incəsənətimizin görkəmli nümayəndələrinə aid çoxlu sayda maraqlı tarixi sənədlər saxlanılır.
ADMİU-nun arxivi öz işini dövlətin arxivlər qarşısında irəli sürdüyü tələblər əsasında qurur. Arxivə daxil olan bütün sənədlər komplektləşdirilərək qeydə alınır. ADMİU-nun arxivi Milli Arxiv İdarəsi, həmçinin ayrı-ayrı müəssisə arxivləri ilə müntəzəm əlaqə saxlayır. ADMİU-nun arxivi respublikanın bəzi digər ali məktəbləri kimi Salman Mumtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivi ilə əməkdaşlıq edir, peşə fəaliyyəti ilə bağlı müvafiq təlimatlar alır. Arxiv tamamilə komplektləşdirilmiş, burada saxlanılan sənədlər məzmununa və xarakterinə görə doqquz şöbəyə ayrılmışdır. Hər şöbənin öz spesifikası, qəbul etdiyi sənəd sahəsi vardır.
Arxivdə rəsmi sənədlər, protokollar, əmr və sərəncamlar mühafizə olunur. Burada həmçinin bir sıra digər sənədlər, çap məhsulları, xatirə kitabları, dövri mətbuat nümunələri də saxlanılır. Onların içərisində vaxtilə universitetin müəllimi olmuş Həmid Kərimovun hazırladığı ali təhsil ocağımızın tarixini əks etdirən albomları xüsusilə qeyd etmək lazımdır. Bu albomlarda 93 yaşlı ADMİU-nun Bakı Teatr Məktəbindən başlayaraq keçdiyi şərəfli yol nadir fotoşəkillər, maraqlı fakt və şərhlərlə əks etdirilmişdir.
Arxiv elm, təhsil və mədəniyyətimizin tarixinin, ayrı-ayrı mədəniyyət və incəsənət xadimlərimizin həyat və yaradıcılığının araşdırılması üçün olduqca qiymətli mənbədir. Burada incəsənətimizin məşhur sənətkarlarının ömür yollarını, yaradıcılığını işıqlandıran çoxlu sayda sənədlər, fotolar, əlyazmaları, qeydlər, sənətkarların öz dəsti-xətti ilə yazılmış tərcümeyi-halları və s. saxlanılır.