ADMİU İLƏ 23 №-li TAM ORTA MƏKTƏB ARASINDA MEMARANDUM İMZALANIB
ADMİU İLƏ 23 №-li TAM ORTA MƏKTƏB ARASINDA MEMARANDUM İMZALANIB
28.09.2016
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir ildən artıqdır ki, əməkdaşlıq etdiyi T.Həsənov adına 23 №-li tam orta məktəbin akt zalında tədbir keçirilib. Universitetin və məktəbin professor-müəllim, tələbə, şagird heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə ADMİU-nun rektoru professor Fərəh Əliyeva və 23 №-li tam orta məktəbin direktoru Yuliya Kərimova elmi və mədəni əlaqələrin inkişafı və genişləndirilməsi məqsədilə hər iki təhsil ocağı arasında memorandum imzalayıb.
Memorandumda, tərəflər hər iki təhsil müəssisəsi arasında birbaşa əlaqələrin, həmçinin qarşılıqlı maraq yaradacaq əməkdaşlığın yaranmasına nail olmaq üçün müvafiq tədbirlər həyata keçirəcəkləri, məktəbdə təhsil alan şagirdlərin bədii-estetik və elmi-texniki sahələrdə biliklərin genişləndirilməsi üçün müştərək mədəni tədbirlərin təşkil olunacağı, şagirdlər arasında incəsənətə və mədəniyyətin öyrənilməsinə həvəslərinin yüksəldilməsi məqsədilə müxtəlif resursların məktəbdə tanınması, tarixi və mədəni irs haqqında öyrənməsi üçün şəraitin yaradılacağı, milli vətənpərvərlik və azərbaycançılıq ideyalarını təbliğ edən tədbirlərin birgə təşkil olunacağı, gənc istedadların üzə çıxarılması üçün müxtəlif formatda tədbirlərin təşkili və həyata keçiriləcəyi qeyd olunub.
İmzalama mərasimindən sonra tədbir Universitetin estrada-simfonik orkestri və məktəbin şagirdlərinin birgə təşkil etdiyi maraqlı konsert proqramından ibarət bədii hissə ilə davam edib.