Bolqarıstan Mədəni Əlaqələr Cəmiyyətinin xətti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin “Təsviri sənət” kafedrasının müdiri, Xalq rəssamı, dosent Xanlar Əhmədov və müəllim Səmədağa Cəfərov Burqas şəhərinin Qara dəniz sahilində yerləşən Kovatsi adlanan yerdə, dünyanın bir çox ölkələrindən, İtaliya, İspaniya, Rusiya, Ukrayna, Xorvatiya, Almaniya, Azərbaycan və Bolqarıstandan dəvət olunmuş tanınmış rəssamlar bir araya gələrək İncəsənət simpoziumunda 1 iyul tarixindən 10 iyul tarixinədək iştirak ediblər.
Simpoziumun son günü Bolqarıstanın ən qədim şəhərlərindən biri olan Sezopol şəhər meriyasının qalereyasının sərgi salonunda simpozium iştirakçılarının sərgisi keçirilib. Sərginin ali mükafatlarından olan “Rusalka” kuboku Universitetin müəllimi Səmədağa Cəfərova və simpoziumun xüsusi diplomu isə kafedra müdiri Əhmədov Xanlara təqdim olunub. Simpoziumun şərtlərinə görə rəssamlar kətan üzərində yağlı boya ilə, heykəltəraşlar isə daş üzərində heykəllər yaratmalı idilər. Lakin texniki səbəblərdən daşlar gətirilmədiyindən heykəltəraşlar da kətan üzərində yağlı boya ilə işləməli olublar.