Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq fakültəsinin Sənətşünaslıq və Dəzgah rəngkarlığı ixtisasının IV kurs tələbələrinin təşəbbüsü ilə ilk dəfə olaraq açıq ingilis üsulu “I Bədii Auksion” keçirilib.
Hərracda “Rəngkarlıq və qrafika”, “Dizayn və dekorativ-tətbiqi sənət” kateqoriyaları üzrə Rəssamlıq fakültəsində təhsil alan tələbələrin müxtəlif mövzuda və texnikada 30-a yaxın əsəri iştirak edib.
Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyevanın və professor-müəllim, tələbə heyətinin iştirak etdiyi tədbirdə ilk olaraq hərraca çıxarılacaq əsərlərdən ibarət sərginin nümayişi baş tutub. Daha sonra açıq ingilis üsulu ilə hərraca təqdim olunan əsərlərin 20-nin satışı həyata keçib.
Sonda Universitetin rektoru yüksək səviyyədə təşkil olunan auksionla bağlı tələbələri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova da öz növbəsində auksionun keçirilməsini ideya müəllifi olan Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Dilarə Müzəffərlinin tədris etdiyi Sərgi və auksion işinin təşkili fənninin hesabatı kimi qiymətləndirib və satışdan əldə olunan məbləğin xeyriyyə məqsədilə istifadə olunacağını bildirib.
Daha sonra Tədris işləri üzrə prorektor, professor Validə Məmmədova, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva, Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Arif Əziz, sənətşünas Ziyadxan Əliyev auksionu innovativ təhsil nümunəsi kimi və Azərbaycan incəsənəti üçün tarixi bir hadisə olduğunu qeyd ediblər.