Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın görüşü baş tutub. Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi görüşdə modelyer rəssamın “Şərq Cazibəsi” kolleksiyasından olan bir neçə geyiminin Sankt-Peterburq şəhərindəki dünya şöhrətli Ermitaj Muzeyinin daimi kolleksiyasında nümayişi haqqında ətraflı məlumat verilib.
Tədbirdə Universitetin Tədris işləri üzrə prorektoru, professor Validə Məmmədova, Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Arif Əziz, Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova tanınmış modelyer haqqında səmimi və xoş sözlərini deyib, yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar. Həmçinin “AZƏRBAYCANIM” Beynəlxalq Jurnalının təsisçisi və baş redaktoru Emil Nəsirli öz növbəsində Fəxriyyə Xələfovaya jurnalın fəxri üzvlük sertifikatını və medalını təqdim edib.
Daha sonra tədbir iştirakçılarına “Ermitaj Günləri” çərçivəsində açılan qalereyadan maraqlı video çarxlar göstərilib. Modelyer Fəxriyyə Xələfova muzeyin direktoru akademik Mixail Piotrovski ilə imzalanmış razılaşmaya əsasən kolleksiyasından bir neçə geyimi muzeyə hədiyyə verdiyini qeyd edib. “Ermitaj”ın Dostları Klubunun üzvü seçilən tanınmış modelyerin sözlərinə əsasən, qalereyada sərgilənən nadir işlərindən biri sayılan kəlağayı ornamentli ipək geyimdə Qafqaz Albaniyasının qədim ornamentindən Günəşin rəmzi olan medalyonlardan istifadə edib. Şərq üslubunda olan digər geyimi isə “Misilsiz dəbdəbə” kolleksiyasındandır. Paltarın yarımqiymətli daşlarla bəzədilməsi onu çox dəyərli edir. Burada rəng qammasına tamamilə yeni tərzdə yanaşılıb. Qəhvəyi və mavi rənglərin düzgün uyğunlaşdırılması bu kostyumu daha da maraqlı edir.
Muzeyə təqdim edilmiş daha bir paltar XIX əsrin ikinci yarısına aid rokoko üslubundadır. Zamanın sınağından keçmiş bu Avropa üslubundan hazırda toy və mərasim paltarlarının yaradılmasında istifadə olunur. XIX əsrin toy paltarlarına xas sədəf rəngində olan bu paltar mürəkkəb biçimli və qat-qatdır.
Tanınmış rəssam-modelyer Fəxriyyə Xələfova muzeydə açılacaq Moda Elm-Tədris Mərkəzində mühazirə və ustad dərsləri keçəcəyini də vurğulayıb. Bu barədə danışan Fəxriyyə xanımın fikrincə, “Gənc modelyerlər Elm-Tədris Mərkəzində müxtəlif geyim tərzləri, ayrı-ayrı xalqların modelyerlərinin dəstxətləri ilə tanış olacaq, “Ermitaj”ın öz qalereyalarında saxlamaq üçün layiqli hesab etdiyi kostyumları əyani görəcəklər. Mərkəzə müxtəlif ölkələrin tanınmış modelyerləri cəlb olunacaqlar. Biz tələbələri öyrədəcək, gənc nəslin zövqünü formalaşdıracağıq. Ümidvaram ki, Azərbaycanın gənc modelyerləri Mərkəzin ilk dinləyicilərindən olacaqlar”.