Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbəsi Nərmin Fərəcovanın Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Suyun rəngli yuxuları" adlı layihəsi baş tutub.
Layihənin açılışında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Mübariz Qadirov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Universitetin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Aslan Xəlilov çıxış edərək, layihə iştirakçılarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, eyni zamanda Ebru sənəti üzrə müəllim Zaur Orucov da öz növbəsində bu sənətin tarixi və növləri haqqında məlumat verib, insan psixologiyasına təsirindən bəhs edib.
Professor-müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanan sərgidə 30-a yaxın Ebru sənəti nümunələri nümayiş olunub, layihə iştirakçıları tərəfindən ustad dərsi keçirilib.
Sonda Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən layihədə fəal iştirakına görə Kulturologiya fakültəsinin III kurs tələbələri Sənan Ağayev, Sima Cəfərova, IV kurs tələbəsi Rəfail Ağayev və layihə rəhbəri Rəssamlıq fakültəsinin III kurs tələbəsi Nərmin Fərəcova fəxri fərman ilə təltif olunublar.
Qeyd edək ki, "Suyun rəngli yuxuları" adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən keçirilən X Qrant müsabiqənin qalibi seçilib.