British Council Azerbaijan-ın təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 30 noyabr və 4 dekabr tarixinədək Birləşmiş Krallıqların teatr rejissoru Karin Çapman tərəfindən ustad dərsləri keçirilib. Universitetin SABAH qrupu Aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin və fiziki məhdudiyyətli gənclərin iştirak etdiyi layihənin əsas məqsədi istedadlı gənclərdən ibarət qarışıq tərkibli qrup ilə işləyərək birgə tamaşa üçün yaradıcı xarakter formalaşdırmaqdan ibarət olub.
Təlimçi təfərindən bir-birini daha yaxından tanıması üçün iştirakçılar arasında kiçik oyunlar keçirilib, müxtəlif psixoloji testlər edilib, müxtəlif qruplara ayrılaraq tələbələr fiziki məhdudiyyətli gənclər ilə birlikdə musiqi sədası altında bir-birindən maraqlı pantomim səhnələr göstərib.
Ustad dərslərinin sonunda Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva, SABAH Mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, British Council Azerbaijan-ın əməkdaşları tələbələr tərəfindən səhnələşdirilmiş ailə məişət zəmnində və gündəlik həyatda ictimaiyyət tərəfindən “əzilən” şəxslərin həyatından, problemlərindən bəhs edən kiçik səhnələri izləyiblər. Tamaşa zamanı tələbələr müxtəlif obrazlarda bir-birini əvəz edib, tamaşanın gedişatını dəyişdirərək daha maraqlı çıxışlar göstəriblər.
Hazırlanan tamaşalar ilə bir başa interaktiv teatrın bir növü sayılan forum teatrını mənimsəyən tələbələr teatrın əhəmiyyəti və məqsədini daha dərindən hiss ediblər. Sonda British Council Azerbaijan-ın əməkdaşları tələbələrə kitab təqdim edib və xatirə şəkli çəkdiriblər.