Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Vernisaj” zalında Rəssamlıq fakültəsi Təsviri sənət kafedrasının müəllimi Xanım Məmmədovanın “İncə nəfəs” adlı fərdi sərgisi keçirilib.
Professor-müəllim və tələbə heyətinin iştirak etdiyi sərgini giriş sözü ilə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva açaraq, hər kəsi salamlayıb. Rektor Xanım Məmmədovanı sərgisi və ad günü münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb. Sonra Təsviri sənət kafedrasının müdiri, Xalq rəssamı Xanlar Əhmədov, Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar rəssam Həmzə Abdulayev, Xalq rəssamı Arif Hüseynov və ADRA-nın İncəsənət tarixi kafedrasının müdiri, professor Sevil Sadıxova müəllifin yaradıcılıq fəaliyyətindən danışıb, gələcək işlərində müvəffəqiyyət arzulayıblar. Sonda müəllim və tələbələr rəssamı ad günü münasibətilə təbrik edib.
Sərgidə rəssamın 30-a yaxın rəngkarlıq və qrafika əsəri – “Zəriflik”, “İntizar”, “İncəlik”, “Sükut”, “Melodiya”, “Günəbaxanlar”, “Harmoniya”, “Ana uşaq ilə”, “Qız qalası” və s. nümayiş olunub.
Qeyd edək ki, görkəmli rəssamlar Mikayıl Abdullayev və Böyükağa Mirzəzadənin tələbəsi olan Xanım Məmmədova Ə.Əzimzadə adına Rəssamlıq məktəbində və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2007-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim vəzifəsində çalışır, 2011-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantıdır. Mütəmadi olaraq Respublika və beynəlxalq sərgilərdə iştirak edir.