Noyabr ayının 23-ü Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə görkəmli bəstəkarlarımız Tofiq Quliyevin 100, Emin Sabitoğlunun 80 illik yubileyi münasibəti ilə konsert proqramı baş tutub. Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi konsertdə Musiqi fakültəsinin tələbələri hər iki bəstəkarın ölməz mahnılarını ifa ediblər.
Xüsusi zövqlə seçilmiş, zəngin repertuarlı gecə ADMİU-nun xor kollektivinin ifasında Emin Sabitoğlunun “Azərbaycan” mahnısı ilə başlayıb. Daha sonra bəstəkarların biri-birinin ardınca növbələşən gözəl mahnıları ilə gecə davam edib: I kurs tələbələri Xasay Şıxıyev, İsayeva Yekaterina, Gözəlli Aytən, Fərəcova Aytac, II kurs tələbələri Paşazadə Pərvin, Abbasova Şəfiqə. Veysəlova Nəzakət, III kurs tələbələri İbrahimov Tərxan, Qədimzadə Kamil, Təhməzov Tamerlan, Məlikli Cəlal, Məmmədov Məlik, Əmrahov Şövqi, IV kurs tələbələri – Aytac Şahmar qızı, Həmzəyev Həmid, Əliyeva Xanım, eləcə də I kurs magistr tələbəsi Paşayeva Nigarın ifasında Tofiq Quliyevin “Ey, sevincim Bakı”, “Telefonçu qız” k/f-dən “Gəlmədin”, “O qızı tapın mənə” k/f-dən “Kimsən sən”, “Sən mənimsən, mən sənin” , “Əziz surət” və s., Emin Sabitoğlunun “Belə ola həmişə”, “Bəlkə”( II skripka: “İnstrumental ifaçılıq” kafedrasının müəllimi, dosent Zəhra Qarayeva, müşayiət: Lalə Hüseynova), “Nə gözəldir, Azərbaycan”, “Gün keçdi” k/f-dən “Bir axşam taksidən”, “Sən olmuşam”, “Aman ayrılıq” və başqa mahnıları ifa olunub.
“İnstrumental ifaçılıq” kafedrasının baş müəllimi Sevinc Dadaşovanın rəhbərliyi ilə tələbələrdən ibarət ansamblın ifasında (Yusibov Natiq III kurs tələbəsi (fortepiano), Məmmədov Müslüm I kurs tələbəsi (klarnet), İbrahimov Hüseyn III kurs tələbəsi (klarnet), Soltanova Gülxanım Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I kurs tələbəsi, Xudaverdiyev Elşən II kurs tələbəsi) Emin Sabitoğlunun “Kəpənək” və kino filimlərə yazdığı musiqidən poppuri gecəyə xüsusi rəng qatıb.