Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Vernisaj” zalında rəssam Fərəh Əliyevanın “Dünyəvi cizgilər” bədii kukla sərgisi keçirilib. Fərdi sərgidə müəllifin 30-a yaxın müxtəlif mövzularda – “Nar budağı”, “Zümrüd”, “Edem”, “Sarı gəlin”, “Qız qalası”, “İlham”, “Şərq yuxuları”, “Cənnət mələyi”, “Qürurlu Xəzər”, “Modern trio”, “Nar qızı”, “DNA”, “Tıq-tıq xanım”, “Şopinq” və başqa kuklaları nümayiş olunub.
Sərginin açılışında Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Arif Əziz, Xalq rəssamı, professor Ağəli İbrahimov, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru Röya Tağıyeva, Rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva və "Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti Fuad Məmmədov rəssamın zəngin yaradıcılığı, əsərlərinin orijinallığı ilə bağlı fikirlərini bölüşüb, müəllifə xoş arzularını bildiriblər.
Universitetin professor-müəllim, tələbə heyətinin, eləcə də bir çox tanınmış incəsənət xadimləri - Arif Hüseynov, Vasif Babayev, Tahir Behbudov, Rafiq Kaşanlı və Türkiyənin Azərbaycandakı Səfirliyin nümayəndələrinin iştirak etdiyi sərgidə müəllifin əsərləri böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Bədii kuklaların hazırlanması sahəsi üzrə 8 illik təcrübəyə malik olan rəssam Fərəh Əliyeva Bakı Dövlət Universitetinin məzunu, Azərbaycan Rəssamlar İttifaqı və Müəllif Kuklalarının Beynəlxalq Təşkilatının üzvüdür. Müxtəlif illərdə Moskva Beynəlxalq Kukla Sərgisi, Bakı Beynəlxalq Biennali və bir çox tematik sərgilərin iştirakçısı, üç fərdi sərginin müəllifidir. Yaradıcılığında müxtəlif janrlara - avanqard, klassik, interyer, konseptual və digər üstünlük verən rəssam 100-ə qədər qarışıq texnikalı əsərlərin müəllifidir. Üslub baxımından isə əsərləri Şərq və Qərbin zərif sintezindən ibarətdir.