Rusiya Dövlət Səhnə İncəsənəti İnstitunun (Российского Государственного Института Сценических Искусств) Aktyorluq və Rejissorluq fakültəsinin dekanı, dosent İqor Kaçayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olub.
İlk öncə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva ilə görüşən aktyor ali məktəbin fəaliyyəti ilə yaxından tanış olub. Görüşdə tələbələrin məşq zamanı səhnədə rəqs və plastikasından, komanda şəklində birgə hərəkətinə xüsusi diqqət ayrılmasından, treninqlərin məqsəd və vəzifələrindən danışılıb.
Səhnə hərəkəti və qılıncoynatma üzrə müəllim İqor Kaçayev Universitetin I, II, III kurs Aktyor sənəti və SABAH qrupu tələbələrinə səhnə plastikası, səhnə döyüşü üzrə ustad dərsləri keçib.
Qeyd edək ki, İqor Kaçayev 1993-cü ildən səhnə hərəkətləri və qılıncoynatma dərslərini tədris edir. O, rejissorluq fəaliyyətində olduğu kimi pedaqogikada da uğurla tətbiq edilən bir sıra plastik treninqlərin və proqramların müəllifidir. Tez-tez Rusiya, Finlandiya, İsveçrə, İngiltərə, Rumıniya və digər ölkələrdə ustad dərsləri verən mütəxəssis, YUNESKO-nun nəzdində Beynəlxalq Teatr İnstitutu ilə də əməkdaşlıq edir və 50-dən çox tamaşanın plastika üzrə rejissorudur.