ADMİU MƏZUNUNUN BƏDİİ FİLMİ XIII BEYNƏLXALQ KAZAN FİLM FESTİVALINDA
ADMİU MƏZUNUNUN BƏDİİ FİLMİ XIII BEYNƏLXALQ KAZAN FİLM FESTİVALINDA
15.09.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Ərturan Nəcəfinin “Səs” adlı qısametrajlı bədii filmi Kazan şəhərində keçirilən XIII Beynəlxalq Kazan Film Festivalında əsas mükafata layiq görülüb. Filmin rejissoru Dariuş Nəcəfi Göl (Ərturan Nəcəfi), operatoru Medi Meyməndi, prodüseri isə Fariz Əhmədovdur (ADMİU).
“Mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə” devizi altında keçirilən festivala 61 ölkədən 782 film təqdim olunub. Qısametrajlı bədii filmlər bölməsində “Səs” filmi “Ən yaxşı qısametrajlı bədii film” mükafatına layiq görülüb.
Çəkilişləri Cənubi Azərbaycanda aparılan film İranın Gənc Kinematoqrafçılar Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən istehsal olunub. Azərbaycan dilində çəkilən filmdə əsas rollarda Turan Malekara və Tağı Türkməni iştirak edir.
Həmçinin “Səs” adlı qısametrajlı bədii film “VIII Azərbaycan Ailəsi Film Festivalı”nın baş mükafata layiq görülüb və İranda keçirilən “II Sağlamlıq Film Festivalı”nda, eləcə də Livanda keçirilən “İlk Beynəlxalq Qısametrajlı Film Festivalı”nda nümayiş olunub. Qeyd edək ki, kinorejissor Oqtay Mirqasımovun kursunda təhsil alan Ərturan Nəcəfinin diplom işidir.