Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin növbəti Elmi şurası əsaslı təmirindən sonra ilk dəfə yeni Elmi şura zalında keçirilib. Şuranın sədri, Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva iclas iştirakçılarını salamlayaraq, universitetdə olan əsaslı dəyişikliklər, “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”, müxtəlif mərtəbələrində kino, televiziya ixtisasları üzrə xüsusi işıq, səs avadanlıqları ilə təchiz olunan səhnəli 11 auditoriya, televiziya ixtisası üzrə tədris studiyası, auditoriyalar, zallar, iş, dərs otaqları, müasir işıq, səs və ən müasir avadanlıqlar ilə təchiz edilən səhnə, 10-a yaxın yaradıcılıq otağı, inventar otaqları, səsyazma studiyaları, operator otaqları və musiqi zalı haqqında ətraflı məlumatı nəzərə çatdırıb.
Kino və televiziya, Teatr sənəti, Musiqi sənəti, Rəssamlıq və Kulturologiya fakültəsinin dekan və kafedra müdirlərinin 2016-2017-ci tədris ili üçün yaz semestrinin imtahan sessiyasına, dövlət yekun attestasiyasına hazırlıq ilə bağlı xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə bakalavr buraxılış yaradıcılıq işlərinin, magistr dissertasiyalarının yerinə yetirilməsi barədə məlumatları dinlənilib.
Daha sonra 2016-cı il üçün müvafiq ixtisaslarda elmlər və fəlsəfə doktoru proqramları üzrə doktorantura, dissertanturaya qəbul olunanların dissertasiya mövzularının, elmi rəhbərləri haqqında cari məsələlər dinlənilib, elmi ada təqdimat üçün Ali Attestasiya Komissiyasına sənədlərinin göndərilməsi və proqramların çapa verilməsi barədə şura üzvləri məlumatlandırılıb.