Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “2017-ci il İslam Həmrəyliyi ili”nə həsr olunmuş “Mədəniyyət: Problemlər və Perspektivlər” mövzusunda doktorant və gənc tədqiqatçıların XI beynəlxalq konfransı keçirilib.
Konfransda Universitetin Elm və yaradıcılıq işləri prorektor, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadə, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, filologiya elmləri üzrə doktor, professor Gülşən Əliyeva və filologiya elmləri üzrə fəlsəfə doktoru Firudin Qurbanov çıxışında iştirakçılara müvəffəqiyyətlər arzulayıb.
Plener iclas ərzində “İslam mədəniyyətində qadın”, “İslam mədəniyyəti Qacar xalçasında”, “Tolerantlıq və mənəvi dilemma”, “Müasir şərq kinosunda mövzu-problem əlaqələri”, “İslam mədəniyyəti Çex tarixişünaslığında”, “Azərbaycan Həmrəylik nümunəsi”, “Misir kinosu sivilizasiyaların dialoqu və islam mədəniyyətinin beşiyi kimi”, «Новое веяние в Казахской режиссуре», «Креативная индустрия в контексте Узбекской культуры» mövzularda çıxışlar olunub.
“Sülhün tərənnümü” adlı bədii hissə Universitet tələbələrinin ifasında Azərbaycan muğamlarından ibarət konsert proqram ilə davam edib.
Konfransı Azərbaycan, Türkiyə, Özbəkistan və Qazaxıstandan qatılan 80-a yaxın magistr, doktorantların Kulturologiya bölməsi üzrə “Türksoylu xalqlarda ailə və nikah sistemi”, “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Müasir Azərbaycan arxivi”, “Sirli, sehirli buta” və s., Sənətşünaslıq bölməsi üzrə isə “Mifologiya və müasir teatr”, “Kitabi-Dədə Qorqud dastanında teatrallıq”, “Aparıcı-televiziyanın əsas siması kimi”, “Qara Qarayevin fortepiano yaradıcılığında polifonik forma və janrlar”, “Müasir Azərbaycan kinosunda sosial mühitin bədii həlli” və s. mövzularda məruzələri əhatə edib.
Sonda Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva çıxış edərək gənc tədqiqatçılara uğurlar arzulayıb.