4 may 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Teatrında “Teatr sənəti” fakültəsinin Musiqili teatr ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin ifasında Sabit Rəhman və Emin Sabitoğlunun “Hicran” tamaşası təqdim olunub. Tamaşanın quruluşçu rejissoru ADMİU-nun baş müəllimi Kəmalə Məmmədovadır. Tamaşada tələbələr Vüsalə Bədirli (Hicran), Murad İsmayıl (Orxan), İbrahim Fərzəliyev (Mitoş), Məlahət Hüseynova (Qızbacı), Aqil Rüstəmov (Dadaşbala), Xəyalə İsmayılova (Fatı), Xumar Səlimova və Türkan Muradlı (Çarliston), Xaliq Bəkirov (Baləmi) rollarında çıxış ediblər.
“Səda” Tədris teatrının təşkilatçılığı tamaşaya Bilgəh qəsəbəsində yerləşən 11 Nömrəli İnteqrasiya təlimli internat məktəbin şagirdləri və Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasında qeydiyyatda olan uşaqlar və yeniyetmələr dəvət olunublar.
Tələbələrin ifasında nümayiş olunan tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.