MİLLİ KİTABXANADA “KİTABXANA-İNFORMASİYA ELMİ: TƏDRİS VƏ TƏCRÜBƏDƏ YENİ ÇAĞIRIŞLAR” ADLI BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLDİ
Mayın 5-də Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Kitabxana-informasiya elmi: tədris və təcrübədə yeni çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirildi.
Konfrans Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Milli Kitabxananın birgə təşkilatçılığı gerçəkləşdi.
Tədbir iştirakçıları əvvəlcə kitabxanada ulu öndərə həsr edilən kitab sərgisi ilə tanış oldular. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, ulu öndərin bütün sahələrdə olduğu kimi, Azərbaycan mədəniyyətinin inkişafında da böyük xidmətləri olub. Qeyd etdi ki, sərgidə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən 250-dən çox kitab nümayiş olunur. Bu nəşrlər arasında dahi şəxsiyyətin vaxtilə Milli Kitabxanaya hədiyyə etdiyi kitablar da yer alıb.
Beynəlxalq elmi tədbir daha sonra kitabxananın konfrans zalında davam etdi. Öncə Heydər Əliyevin 1995-ci il iyunun 3-də Milli Kitabxanadakı çıxışı əsasında hazırlanmış videoçarx təqdim edildi.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açdı. Bildirdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaranan mürəkkəb tarixi şərait nəticəsində respublikanın kitabxana şəbəkələri də məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Məhz bu dövrdə ulu öndərin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməsi bütövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxanaların da məhvinin qarşısını aldı.
Vaqif Əliyev vurğuladı ki, Heydər Əliyev kitabxananı bütün cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi adlandırırdı: “Ümummilli liderin müstəqil Azərbaycanın kitabxana quruculuğunda mühüm rol oynayan daha bir uğurlu addımı, ölkənin kitabxana tarixində dönüş mərhələsi hesab olunan “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması idi. Bu gün Heydər Əliyevin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev də ölkəmizdə kitabxana işinə böyük qayğı göstərir. Dövlət başçısının 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı da bu istiqamətdə aparılan uğurlu işlərin davamıdır”.
Milli Kitabxananın direktoru Kərim Tahirov Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi tarixi dövrün əhəmiyyətindən və Azərbaycanın inkişafı üçün atılan addımlardan söz açdı. Ulu öndərin həyat yolunun, zəngin irsinin bugünkü gənclər tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, hər zaman kitaba və kitabxana işinə xüsusi diqqət ayıran Heydər Əliyev bu sahənin inkişafı üçün bütün lazımi addımları atıb.
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Fərəh Əliyeva ulu öndərin siyasi kursu haqqında məlumat verdi. Bildirdi ki, hər il olduğu kimi, bu il də ADMİU öz ənənələrinə sadiq qalaraq Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği istiqamətində müxtəlif tədbirlər keçirir.
Konfrans daha sonra iki seksiyada öz işini davam etdirdi.
“Kitabxanaşünaslığın aktual problemləri” seksiyasında Kərim Tahirovun “Gələcəyə çağırış və kitabxana fəaliyyətinin əsas istiqamətləri: prioritetlər və perspektivlər”, Milli Kitabxananın oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılovanın “XXI əsrin informasiya məkanında oxuculara xidmətin əsas istiqamətləri, innovativ yeniliklərin tətbiqi təcrübəsi”, kitabxananın elmi katibi Əminə Cəfərovanın “Azərbaycan ədəbi nümunələrinin beynəlxalq səviyyədə tədqiqində Milli Kitabxananın fəaliyyəti” və digər mövzularda məruzələr dinlənildi.
“Kitabşünaslıq, biblioqrafiyaşünaslıq və multidissiplinar tədqiqatlar” seksiyasında isə AMEA Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxalının “AMEA Hüseyn Cavidin ev-muzeyində kitabşünaslıq üzrə aparılan elmi tədqiqatlar”, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi Tahirə Həsənzadənin “Əlyazmalar İnstitutunun elmi fondunda qorunan Azad Təbrizinin tərcümə əsərləri”, ADMİU-nun dosenti Əli Əliyevin “Azərbaycanda ilk kitab kataloqu” və başqa mövzularda məruzələr təqdim edildi.
Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair memorandum da imzalandı.