Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Xalçaçılıq sənətini yaşat və təbliğ et” layihəsində fəal iştirak edən gənclər Azərbaycan Xalça Muzeyini ziyarət ediblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin YAP Gənclər Birliyinin sədri Orxan Məmmədovun rəhbərliyi ilə Kulturologiya və Rəssamlıq fakültəsi tələbələri İman Sadıqov, Aynurə Hümbətli, Nərgiz İdrisova, Sevinc Səmədova, Ayşən Nəcəfova, Şabikə Nəsirova, Hüseyn Hacıyev Azərbaycan xalçasının, dekorativ-tətbiqi sənət nümunələrinin sərgiləndiyi ekspozisiya və zərgərlik fondu ilə yaxından tanış olublar.
Tədbirdə YAP Gənclər Birliyinin koordinatoru Elmar Məmmədov, YAP “Xalça Muzeyi” ərazi ilk partiya təşkilatının sədri, layihənin koordinatoru Fuad Rəsul və muzeyin elmi işçisi Təranə Məlikova xalçaçılıq sənətinin xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutduğunu və tarixən böyük inkişaf yolu keçdiyini qeyd ediblər.
Tədbir çərçivəsində Azərbaycan Rəssamlar İttifaqının üzvü, xalçaçı-rəssam Taryer Bəşirov tələbələrə xalçaçılıq sənətinin yaranma tarixi, inkişaf mərhələləri, ornamentləri və xana üzərində xovlu xalçanın toxunma texnologiyası haqqında ətraflı məlumat verilib. Sonda layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunub.